...

AYİB-in prezidenti ilə CQD və bərpa olunan enerji üzrə yeni əməkdaşlıq prioritetləri müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 12 Sentyabr 2022 16:41 (UTC +04:00)
AYİB-in prezidenti ilə CQD və bərpa olunan enerji üzrə yeni əməkdaşlıq prioritetləri müzakirə edilib (FOTO)

Bakı. Trend:

Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Görüşdə AYİB ilə uzunmüddətli və geniş əməkdaşlıqda mühüm rol oynayan enerji sektorunda həyata keçirilən və planlaşdırılan layihələr, həmçinin yeni tərəfdaşlıq imkanları dəyərləndirilib.

Energetika naziri Pərviz Şahbazov AYİB ilə əməkdaşlığın inkişafını qlobal enerji gündəliyinin prioritetləri çərçivəsində nəzərdən keçirərək Bankın Cənub Qaz Dəhlizinin genişləndirilməsi prosesində iştirakının vacibliyini bildirib. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının layihənin genişləndirilməsi üçün əsas yaratdığını vurğulayan nazir deyib ki, 10-dan çox ölkə Azərbaycanla təbii qaz tədarükündə tərəfdaşlıqda maraqlıdır. Zəngin təbii qaz resurslarının hasil edilərək daha böyük həcmlərdə Avropa ölkələrinə nəqli üçün CQD-yə maliyyə dəstəyi zəruridir: “Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi enerji keçidinə kömək edəcək. Bu, daha çox təbii qazın tədarükü ilə enerji böhranının nəticəsi olan kömürə qayıdışın qarşısını alacaq. Eyni zamanda hidrogenin nəqli nümunəsində CQD-nin resurs mənbələri şaxələnəcək”.

Görüşdə Bankın Qaradağ Günəş Elektrik Stansiyası və Xızı-Abşeron Külək Elektrik Stansiyasının inkişafına dəstəyi yüksək qiymətləndirilib. Bərpa olunan enerji hərraclarının keçirilməsinə, kiçikmiqyaslı bərpa olunan enerji layihələri üçün lazımi normativ çərçivənin tətbiqinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı layihələrin gedişatı nəzərdən keçirilib. Həmçinin elektroenergetika sektorunda aşağı karbonlu həll yolları, Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlıq (E5P) proqramı üzrə əməkdaşlıq çərçivəsində atılacaq addımlar müzakirə edilib. Bildirilib ki, Azərbaycanda bərpa olunan enerji sahəsində daha iri istehsal güclərinin yaradılması və Xəzər dənizində ilkin mərhələdə 6 min meqavatlıq layihələrin reallaşdırılması ilə bağlı planlar şəbəkənin təkmilləşdirilməsini aktuallaşdırır və bu, bərpa olunan enerji sektorunun gələcək inkişafı üçün əsas şərtlərdəndir.

AYİB-in prezidenti sadalanan istiqamətlər üzrə əməkdaşlıq üçün investisiya imkanlarının dəyərləndiriləcəyini və şəbəkənin gücləndirilməsinə dəstək verməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Nazirlik ilə AYİB elektroenergetika sektorunun inkişafına texniki dəstəyə dair Anlaşma Memorandumu imzalamağı planlaşdırır. Sənəd bərpa olunan enerji, enerji səmərəliliyi, aşağı karbonlu elektroenergetika sektorunun inkişafı, metan emissiyalarının azaldılması və hidrogen texnologiyaları daxil olmaqla yeni əməkdaşlıq gündəliyini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti