Bakı. Trend:
Azərbaycanda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri müəyyənləşir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan dövləti
beynəlxalq hüquq normalarına uyğun olaraq əhalinin və hər bir
vətəndaşın ərzaq təhlükəsizliyini təmin edir.
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
həyata keçirilir.
Layihəyə əsasən, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
- qida məhsullarının istehsalının artırılması və ərzaq bazarının
tənzimlənməsi sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata
keçirmək;
- əhalinin ərzaq təhlükəsizliyinə dair məqsədli dövlət proqramları
hazırlamaq və icrasını təmin etmək;
- qida məhsulları üzrə dövlət ehtiyatları yaratmaq, onların
formalaşdırılmasını, saxlanılmasını, istifadəsini və
tənzimlənməsini təşkil etmək;
- qida məhsullarının istehsalını, istehlakını və dövriyyəsini
özündə əks etdirən ərzaq balansı hazırlamaq və əhalinin qida
məhsulları ilə təminatını proqnozlaşdırmaq;
- ərzaq böhranı və fövqəladə hadisələr zamanı əhalinin qida
məhsulları ilə təchizatını tənzimləmək, o cümlədən normativ ərzaq
bölgüsünü və digər xüsusi təminat rejimlərini müəyyən etmək;
- ərzaq bazarının tənzimlənməsi və qida məhsullarının minimum
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində
normativ hüquqi aktlar qəbul etmək;
- əhalinin qida məhsulları ilə təmin edilməsində dövlət
orqanlarının və bələdiyyələrin fəaliyyətini əlaqələndirmək;
- əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində digər
vəzifələri həyata keçirmək.