Şuşa. Trend:
Yeni enerji əməkdaşlığı sazişi Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətləri gücləndirəcək.
Trend-in məlumatına görə, bunu Macarıstan Respublikasının milli siyasət üzrə dövlət katibi Arpad Yanoş Potapi bu gün Şuşada keçirilən Beynəlxalq Bakı-Şuşa Forumunun ikinci günündə deyib.
“Bir neçə gün əvvəl Buxarestdə çox mühüm sənəd - Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu da Azərbaycan və Macarıstan arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcək", - deyə o qeyd edib.
Yanoş Potapinin sözlərinə görə, Macarıstan türk dövlətlərinin forumunda ilk dəfədir iştirak edir.
"Ölkəmiz uzun müddətdir ki, Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçisi və müşahidəçi üzvüdür. Bizi türk xalqı ilə tarixən bağlayan çox şeylər var. Mədəniyyətimizin bir çox spesifik xüsusiyyətləri var ki, türk xalqları ilə əlaqəlidir. Mən hesab edirəm ki, əgər bizim türk dövlətləri, Türk Dövlətləri Təşkilatı ilə bu qədər güclü əlaqəmiz olmasaydı, bütün bu imkanlar mövcud olmazdı. Təbii ki, Macarıstan həm də türk dövlətləri üçün Avropa İttifaqına (Aİ) bir növ qapıdır. Hesab edirəm ki, Aİ Macarıstan və türk dövlətləri vasitəsilə bu imkanlardan istifadə etməlidir”, - deyə dövlət katibi vurğulayıb.
O, həmçinin, Macarıstanın gələcəkdə də belə forumlarda iştirak edə biləcəyinə ümid etdiyini deyib.