...

Zəlzələ Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

İqtisadiyyat Materials 10 Fevral 2023 12:49 (UTC +04:00)
Zəlzələ Türkiyə iqtisadiyyatına necə təsir edəcək?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Kahramanmaraşda 10 vilayətə təsir edən və minlərlə binanın, istehsal müəssisələrinin dağılmasına səbəb olan şiddətli zəlzələnin Türkiyə iqtisadiyyatına təsiri qaçılmazdır.

Dəhşətli zəlzələnin istehsalın artım tempinin ləngidəcəyi, eləcə də milyardlarla lirə yenidənqurma xərcləri yaradacağı göz önündədir.

Trend-ə açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, Türkiyə Statistika Qurumunun bu həftə açıqladığı məlumatlara görə, zəlzələ bölgəsindəki 10 əyalətdə 13,42 milyon insan yaşayır və bu, ümumi əhalinin 15,7%-ni təşkil edir.

"TÜİK-in 2021-ci il məlumatlarına görə, zəlzələdən zərər çəkmiş 10 əyalətdən ibarət bölgənin ÜDM-dəki payı 9,3% təşkil edir. Sektorlar üzrə zəlzələ zonasının kənd təsərrüfatında payı 14,3%, sənayedə payı isə 11,2% təşkil edir ki, bu da ÜDM-in payından yüksəkdir", - iqtisadçı qeyd edib.

Turizm sektoruna gəldikdə isə ümumi turistlərin təxminən 1%-i zəlzələdən zərər çəkmiş bölgəyə gəldiyi üçün bölgənin bu sektora təsiri azdır. Lakin xarici ticarət məlumatlarını təsir kimi nəzərə alsaq, zəlzələdən zərər çəkmiş bölgə Türkiyənin ümumi ixracının 8,5%-ni, idxalının isə 6,7%-ni reallaşdırır. Türkiyə ixracının 4,4%-ni Qaziantep, 1,6%-ni Hatay və 1,2%-ni Adana həyata keçirir.

İqtisadçılar, il ərzində bölgədən ixracatda bir neçə milyard dollar itki gözlədiklərini, lakin oxşar təsirin idxalda da görüləcəyi üçün ümumi xarici ticarətə təsirinin zəif qalacağına diqqət çəkdilər. İqtisadçılar sektor təsirlərinin makro təsirlərdən başqa görülə biləcəyinə diqqət çəksələr də, xalis effekti anlamaq üçün daha çox vaxt lazımdır.

"Minlərlə insanın hələ də dağıntılar altında qaldığı, sağ qalanların bir stəkan suya belə çata bilmədiyi zəlzələdən sarsılan 10 vilayət Türkiyənin sənaye və kənd təsərrüfatı istehsalının dinamikləri sırasındadır. Bölgədəki bir çox fabrik də dağıdılıb.

Kahramanmaraş, Qaziantep, Hatay, Adıyaman, Malatya, Osmaniye, Adana, Kilis, Şanlıurfa və Diyarbəkir 13,5 milyonluq Türkiyə əhalisinin yüzdə 16-sını təşkil edir. Bu ərazilər iqtisadi böyüklüyü baxımından Türkiyə iqtisadiyyatının onda bir hissəsidir. Sənayedən toxuculuğa, poladdan heyvandarlığa qədər bir çox fərqli sektorda istehsalın edildiyi bölgənin ixracatı 20 milyard dolların üzərindədir. Zəlzələnin episentri olan Kahramanmaraş Türkiyənin bir nömrəli iplik, parça və mətbəx əşyaları istehsalçısıdır. Şəhər ixrac edən əyalətlər arasında 17-ci yerdədir.Qaziantep xüsusilə Yaxın Şərq ölkələrinin tədarükçüsüdür. Son illərdə turizmə hücum edən Qaziantep həm də türk qastronomiya turizminin paytaxtıdır. İskəndərun və Mersin limanları bölgədən malların daşınması və idxalının mərkəzidir. Lakin ilk gündən limanlardakı yanğını söndürmək mümkün olmadığından daşıma başlaya bilməyib", - deyə ekspert qeyd edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində dəhşətli dağıntılara səbəb olub.

Son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 18 342-ə, yaralıların sayı isə 74 242 nəfərə çatıb, 12 141 bina dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti