...

Prezident İlham Əliyevin yeni enerji paradiqmasının qlobal təsiri - TƏHLİL

İqtisadiyyat Materials 15 Fevral 2023 12:51 (UTC +04:00)
Prezident İlham Əliyevin yeni enerji paradiqmasının qlobal təsiri - TƏHLİL
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 13-də "Gülüstan" sarayında 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının (İES) təməlqoyma mərasiminin keçirilməsi şübhəsiz Azərbaycanın ən yeni tarixində mühüm hadisə oldu. Prezident İlham Əliyevin sayəsində bu gün ölkədə enerji istehsalının gələcək diversifikasiyası üçün yeni yol açılmaqdadır.

Dövlət başçısı tərəfindən başladılan layihə enerji resurslarının genişləndirilməsinə yönəlmiş və sayəsində Azərbaycanın təkcə neft-qaz deyil, həm də "yaşıl" enerji resursları ixrac edən ölkəyə çevriləcəyi yeni enerji paradiqmasının daha bir elementini təşkil edir.

Qeyd etmək lazımdır ki, bu İES-in güc potensialı Mingəçevir SES-indən xeyli yüksəkdir.

Yeni enerji paradiqması

Rəsmi mərasimdə çıxış edən Prezident İlham Əliyev elektrik stansiyasının işə salınması ilə ölkədə ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət etməyin mümkün olacağını vurğulayıb. İES-in işə salınması Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə bundan sonra da töhfə verməsinə imkan yaradacaq.

Layihə Azərbaycanın avropalı tərəfdaşlara əlavə həcmdə qaz ixrac etməklə əlavə gəlir əldə etməsinə və özünün etibarlı qaz ixracatçısı imicini möhkəmlətməsinə imkan yaradacaq ki, bu da məhdud sayda etibarlı mənbədən enerji tədarükü ilə əlaqədar qeyri-müəyyənlik dövründə xüsusən vacibdir.

Dövlət başçısı Azərbaycanın ölkə daxilində istehsal olunan elektrik enerjisini ixrac edə biləcəyini qeyd edib. Bu həmçinin Azərbaycanın bir sıra bölgələrində, o cümlədən Qarabağda hazırda reallaşdırılmaqda olan "yaşıl" enerji layihələri sayəsində mümkün olacaq.

Azərbaycanın müxtəlif bölgələrində bir neçə irimiqyaslı enerji layihəsinin həyata keçirilməsi onu deməyə əsas verir ki, ixracda üstünlüyün neft-qaz sahəsindən elektrik enerjisinə keçməsi Azərbaycan üçün əsas prioritet təşkil edir.

Bir çox ölkələr artıq dayanıqlı enerjiyə keçidə başlayıb. Azərbaycana gəlincə, Prezident İlham Əliyevin siyasəti məhz buna yönəlib.

"Hazırda iki stansiya inşa edilir - 470 meqavatlıq günəş və külək. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur- böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə. Yəni, bu, doğrudan da çox böyük potensialdır və təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir", - Prezident İlham Əliyev deyib.

Dövlət başçısının apardığı siyasət neft və qaza tələbatın tədricən dayanıqlı enerjinin xeyrinə azalacağını nəzərə almaqla uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunmasına yönəlib.

Bundan başqa, iqlimin mühafizəsi nöqteyi-nəzərindən karbohidrogen hasilatından tədricən dayanıqlı enerjiyə keçid iqtisadi təhlükəsizliyə imkan yaradacaq. Bu, Azərbaycanın məcburi köçkünlərinin doğma torpaqlara qayıdışı kontekstində xüsusən vacibdir. Onların qayıdışından sonra bərpa olmuş bölgələrdə elektrik enerjisinə tələbat kəskin artacaq. Enerji təhlükəsizliyinə yanaşmanı dəyişməklə Azərbaycan Qarabağda və bütünlükdə ölkədə ətraf mühitin mühafizəsinin bundan sonra da təmin olunması üçün ciddi təməl qoyur.

Ölkə "pioner üstünlüyü" sayəsində "yaşıl" enerji sahəsində regional lider olmaq potensialına malikdir. Bu yanaşma potensial olaraq dar ixtisaslaşmış "nou-hau" biliklər yaratmağa imkan verə bilər ki, bu bilikləri daha sonra xarici tərəfdaşlarla bölüşmək olar.

İqtisadi təsir

İlk və ən bariz faktor onilliklərlə istifadə olunacaq və əhəmiyyətli sayda iş yerləri təmin edəcək həyati vacib infrastrukturun inşasından ibarətdir. Yeni uzunmüddətli infrastruktur layihəsinin işə salınması yüksək ixtisaslı kadrlara əlavə tələbat yaradacaq ki, bu da yerli əhalinin həyat səviyyəsinin yüksəlməsini təmin edəcək. Müəssisələrin əlavə enerji ilə təmin olunması onların daha əvvəl istifadə edilməmiş potensialı işə salmaqla xüsusən bölgələrdə Azərbaycan iqtisadiyyatını daha da möhkəmləndirməsinə imkan yaradacaq. Bunu müstəsna olaraq iqtisadi məsələ kimi deyil, daha çox prioritet təşkil edən uzunmüddətli hədəf kimi nəzərdən keçirmək lazımdır.

Bu cür layihələrin reallaşdırılması Bakının öz enerji təhlükəsizliyinin möhkəmlənməsi üzərində çalışdığından, həmçinin digər dövlətlərə ixracın əlavə səviyyəsini təmin etdiyindən xəbər verir.

Enerji siyasətinin müasirləşməsi sistem yanaşmanın bir hissəsini təşkil edir.

Son iki il ərzində Azərbaycan qlobal və regional problemlərin həlli istiqamətində böyük işlər görüb.

Azərbaycan yeni qlobal nəqliyyat arxitekturasının mərkəzi elementinə çevrilməkdədir.

Enerji siyasətinə münasibətdə də bu cür yanaşma müşahidə edirik.

Prezident İlham Əliyev ölkənin tərəfdaşlarına bir sıra mühüm üstünlüklər təklif edən layihəni işə salıb. Bu cür layihələr sayəsində Azərbaycan geniş miqyasda region üçün daha mühüm tərəfdaşa çevriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti