Bakı. Trend:
Azərbaycanın Xəzər dənizində külək resursları "yaşıl" elektrik enerjisi, həmçinin təmiz hidrogen ixrac etmək üçün kifayət qədər böyükdür.
Trend-in məlumatına görə, bu barədə Britaniyanın "The Telegraph" qəzetində deyilir.
Məqalənin müəllifləri Azərbaycanın nisbətən kiçik ölkə olduğunu, lakin Xəzər sektorundakı külək enerjisinin böyük resurslarının ölkə üçün geniş imkanlar yaratdığını bildirib.
Britaniyanın bərpa olunan enerji mənbələri üzrə konsaltinq şirkəti olan "BVG Associates" Azərbaycan üzrə külək enerjisinin offşor xəritəsinin hazırlanmasında iştirak edib və hazırda onun tətbiqi üzərində hökumətlə birgə çalışır.
Bərpa olunan enerji mənbələri sahəsində strategiya üzrə konsaltinq xidməti olan "BVG Associates"in əməkdaşı Nil Duqlasdan sitat gətirən müəllif hazırda Azərbaycanda britaniyalı ekspertlərə böyük tələbat olduğunu qeyd edib.
"Bizim Böyük Britaniyadakı təcrübəmizə baxsanız, kömürün elektrik şəbəkəsindən əhəmiyyətli dərəcədə ayrıldığını və onu böyük həcmdə külək və günəş enerjisinin əvəz etdiyini görə bilərsiniz. Azərbaycan bunu və dekarbonizasiya imkanını daha geniş enerji keçid proqramı çərçivəsində nəzərdən keçirir. Azərbaycan kimi ölkələr 2015-ci ildə imzalanmış Paris sazişi kimi beynəlxalq sazişlərə əsasən karbon tullantılarının azaldılması üzrə öhdəliklərə malikdir", - N.Duqlas deyib.
N.Duqlas Bakıda keçirilən və Britaniya şirkətlərinin dekarbonizasiya texnologiyaları sahəsində öz təcrübələrini paylaşdığı təmiz enerji üzrə konfransda iştirak edib. O Azərbaycan nümayəndələri ilə, xüsusən "BVG Associates"in iki ildir ki, məsafədən çalışdığı Energetika Nazirliyi ilə aparılan danışıqları yüksək dəyərləndirib.