Bakı. Trend:
2023-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,2 milyard manatlıq, o cümlədən 4,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb.
2023-cü ilin yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,8 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 14,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,6 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.