Bakı. Trend:
ABŞ Amerika şirkətlərinin dekarbonizasiya texnologiyalarını Azərbaycanla bölüşmək təşəbbüslərini dəstəkləməyə hazırdır.
Bu barədə ABŞ ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi və ölkənin Xarici Ticarət Xidmətinin baş direktoru Arun Venkataraman çərşənbə axşamı Bakı şəhərində keçirilən mətbuat konfransında Trend-in sualına cavab olaraq deyib.
"Təmiz enerjiyə keçid təkcə bərpa olunan enerji sektorunun böyüməsi deyil, həm də karbonsuzlaşdırma üçün təmiz texnologiyaların tətbiqi deməkdir, çünki biz hələ də bu keçid mərhələsindəyik. Dekarbonizasiya bir çox cəhətdən tətbiq olunur. Bu, karbohidrogenlər kontekstində tətbiq olunur. Neft kəşfiyyatı və hasilatı prosesində bu prosesləri "daha təmiz" etmək üçün karbonsuzlaşdırma alətlərinə ehtiyacınız var. Bu, qeyri-enerji sektorları kontekstinə də aiddir. Sizin gəmiçilik, polad istehsalı kimi sənaye sahələriniz var. Bunlar enerji tutumlu sənayelərdir. Daha təmiz istehsalı təmin etmək üçün dekarbonizasiya üzərində işləməliyik. Burada özəl sektorun innovasiyaları vacibdir", - deyə o bildirib.