Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) ikinci istiqraz buraxılışı çərçivəsində təqribən 14,5 milyon manat (təqribən 8,5 milyon ABŞ dolları) cəlb edib.
Trend AİB-ə istinadən xəbər verir ki, bu AİB-in bu il inkişaf etməkdə olan ölkələrdə yerli valyutada buraxılan beşinci gender istiqrazıdır və AİB-in özünün borcalma proqramına impakt-investorlar cəlb etməklə bağlı strategiyasını əks etdirir.
"Buraxılış amortizasiya fondu ilə üçillik valyuta istiqrazı kimi formalaşıb və qadınlar və kənd təsərrüfatı işçiləri üçün çıxış imkanının genişləndirilməsinə yönəlmiş baza gender borcunun amortizasiya şərtlərini əks etdirir. İstiqraz Azərbaycan manatı ilə denominasiya olunub, lakin onunla hesablaşmalar ABŞ dolları ilə həyata keçirilir ki, bu da beynəlxalq investorların cəlb olunmasını asanlaşdırır", - deyə bankdan bildiriblər.
Məlumata görə, istiqraz ildə 6,25 faiz ölçüdə yarım illik kuponu ödəyir və Lüksemburq fond birjasında kotirovka olunur. Təşkilatçı "Goldman Sachs International" şirkətidir, istiqrazlara yazılmanı isə iki Avropa institusional investoru - "Record Currency Management" və "Capitulum Asset Management" - rəsmiləşdirib.
İstiqrazların buraxılışını şərh edən "Capitulum"un baş portfel meneceri Teodor Kirşner bu sövdələşmənin şirkətlərə məqsədlərinə nail olmağa - şəffaf üst milli emitent vəsaitlərinin dayanıqlı istifadəsi ilə yerli gəlirliliyə çıxış imkanı əldə etməyə kömək edəcək.
Qeyd edək ki, AİB 2023-cü ildə yerli valyutada əməliyyatları dəstəkləmək məqsədilə Gürcüstan larisində gender və "yaşıl" istiqrazlar, Monqolustan toqroqunda gender və tibbi istiqrazlar, Qazaxıstan tengesində gender və "yaşıl" istiqrazlar, eləcə də Azərbaycan manatı, Çin yuanı, Gürcüstan larisi və Qazaxıstan tengesində qeyri-tematik istiqrazlar buraxıb.
AİB Asiya-Sakit Okean regionunda tərəqqi, inklüzivlik, dayanıqlılıq və sabitliyin əldə olunmasına çalışmaqla, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üzrə səyləri dəstəkləyir.
(Tərcümə: Rəna Əbdürəhmanova)