...

"TotalEnergies" və SOCAR metan emissiyalarının aşkar olunması və azaldılması fəaliyyətini sürətləndirmək üçün səylərini birləşdirir

İqtisadiyyat Materials 5 Dekabr 2023 09:20 (UTC +04:00)
"TotalEnergies" və SOCAR metan emissiyalarının aşkar olunması və azaldılması fəaliyyətini sürətləndirmək üçün səylərini birləşdirir

Bakı. Trend:

"TotalEnergies" və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) fəaliyyətləri ilə əlaqədar metan emissiyalarının aşkarlanması, kəmiyyətinin müəyyən edilməsi və azaldılması ilə bağlı öhdəliklərinin tərkib hissəsi olaraq, dronlar vasitəsilə metan qazının aşkarlanması və ölçülməsi kampaniyalarının həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişi imzalayıb.

İlk kampaniya "TotalEnergies" və SOCAR-ın tərəfdaşı olduğu “Abşeron” qaz yatağında, növbəti kampaniyalar isə SOCAR-ın Azərbaycandakı aktivlərində həyata keçiriləcək. Bu kampaniyalar "TotalEnergies" və onun Tədqiqat və İşlənmə tərəfdaşları tərəfindən hazırlanan AUSEA (Ətraf Mühit Tətbiqləri üçün Yüngül Hava Spektrometri) texnologiyasından istifadə etməklə icra olunacaq.

AUSEA texnologiyası neft və qaz müəssisələrində metan emissiyalarının yüksək dəqiqliklə aşkarlanması və kəmiyyətinin müəyyən edilməsinə imkan verir. Bu Əməkdaşlıq Sazişini imzalamaqla "TotalEnergies" və SOCAR bir daha istixana qazlarının, xüsusilə metan emissiyalarının azaldılması üçün ən qabaqcıl təcrübələri həyata keçirmək məqsədilə birgə fəaliyyət göstərməyə sadiq olduqlarını nümayiş etdirirlər.

“İstismar etdiyimiz bütün neft və qaz obyektlərimizdə dron vasitəsilə emissiyaların aşkarlanması və kəmiyyətinin müəyyən edilməsi ilə bağlı keçirdiyimiz qlobal kampaniyadan sonra biz öz təcrübəmizi və yüksək səviyyədə tanınan texnologiyamızı uzunmüddətli tərəfdaşımız olan SOCAR ilə bölüşməkdən çox məmnunuq. Bu texnologiyanın “Abşeron” yatağında, daha sonra isə SOCAR-ın öz obyektlərində tətbiqi bizə sıfır metan emissiyasına nail olmaq üçün kollektiv ambisiyamızı təmin etməyə imkan verəcək”, - deyə "TotalEnergies" EP Azərbaycan şirkətinin İcraçı Direktoru və Ölkə üzrə Sədri Emmanuel de Guillebon bildirib.

“Bu əməkdaşlıq ətraf mühitin mühafizəsi istiqamətində yolumuzun mühüm mərhələsini əks etdirir. AUSEA texnologiyasının əməliyyatlarımıza inteqrasiyası dayanıqlılığa və məsuliyyətli enerji istehsalına sadiqliyimizin bariz nümunəsidir.

Metan emissiyasının aşkarlanması və azaldılması üçün sənayedə yeni standartların müəyyən edilməsində TotalEnergies ilə səylərimizi birləşdirməkdən məmnunluq duyuruq. Biz birlikdə ekoloji məsuliyyətlə əlaqədar yalnız tələblərə uyğunluğu deyil, eləcə də liderliyi qarşımıza məqsəd qoyuruq”, - deyə SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib.

Bu tərəfdaşlıq "TotalEnergies" və SOCAR şirkətlərinin ekoloji məsuliyyətə sadiqliyini təcəssüm etdirməklə yanaşı, emissiyaların azaldılması sahəsində sənaye təcrübələri üçün zəmin yaradır.

AUSEA (Ətraf Mühit Tətbiqləri üçün Yüngül Hava Spektrometri) texnologiyası haqqında AUSEA dronda quraşdırılan və metan və karbon dioksid emissiyalarını aşkarlamaq qabiliyyəti olan, həmçinin, eyni zamanda, onların mənbəyini təyin edə bilən miniatür ikili sensordan ibarətdir.

Bu texnologiya "TotalEnergies", Fransa Milli Elmi Tədqiqat Mərkəzi (CNRS) və Reims Champagne Arden Universiteti tərəfindən hazırlanıb və hazırda metan emissiyalarını aşkar etmək və miqdarını ölçmək üçün dünyada ən dəqiq texnologiya hesab olunur. "TotalEnergies" şirkətinin Azərbaycanda fəaliyyətləri haqqında "TotalEnergies" şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir, Abşeron qaz-kondensat yatağında 35% paya sahib olacaq (15%-nin ADNOC-a satışı tamamlandıqdan sonra) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində 5% həcmində pay sahibidir.

Abşeron qaz-kondensat yatağı Xəzər dənizində, sahildən 100 km cənub şərqdə yerləşir. Yataq JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən istismar olunur. Yatağın işlənməsinin birinci fazasının hasilatına 2023-cü il iyul ayının əvvəlində başlanılıb. Bu birinci faza sualtı hasilat quyusunu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğuları ilə əlaqələndirən yeni qaz emalı platformasına birləşdirir. Hasilat gücü gündə 4 milyon kubmetr qaz və 12,000 barel kondensat həcmindədir. Qaz Azərbaycanın daxili bazarında satılır.

"TotalEnergies" haqqında

"TotalEnergies" şirkəti neft və bioyanacaq, təbii qaz və yaşıl qazlar, bərpa olunan enerji və elektrik enerjisi kimi enerji növləri istehsal edən və onların satışı ilə məşğul olan qlobal multi-enerji şirkətidir. Bizim 100,000-dən çox əməkdaşımız daha sərfəli, daha təmiz, daha etibarlı və mümkün qədər çox insan üçün əlçatan olan enerji sahəsində çalışır və bu fəaliyyətə sadiqdir. Təxminən 130 ölkədə fəaliyyət göstərən TotalEnergies şirkəti insanların rifahına töhfə vermək üçün davamlı inkişafı bütün ölçüləri ilə öz layihələrinin və əməliyyatlarının əsası hesab edir.

Xəbər lenti

Xəbər lenti