Bakı. Trend:
Ötən il Kapital Bank müştərilərə 3 milyona yaxın debet və kredit kartı təqdim edib.
Trend xəbər verir ki, bunu mətbuat konfransı zamanı Kapital Bankın idarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov deyib.
"Ötən il müştərilərimiz tərəfindən 3 milyona yaxın debet və kredit kartı sifariş olunub və biz kartları müştərilərə təqdim etmişik. Bunun 50 faizə yaxını onlayn həyata keçirilib. Cəmi bir neçə il öncə kredit müraciətləri üçün bankda növbələr olurdu. Amma bu gün kredit müracətlərinin 40 faizi onlayn kanallar vasitəsilə müraciət edilərək alınıb", - deyə o bildirib.
Onun sözlərinə görə, Kapital Bank Birbank-da müştərilərə, həmçinin, alternativ ödəniş imkanları təqdim edir.
"Bu, M10-la əməkdaşlıq çərçivəsində həyata keçirilib. Müştərilər Birbank-dan "QR ilə ödə" bölməsinə keçib stikeri oxudaraq rahat şəkildə ödəniş edirlər. Artıq nağdlaşdırma prosesi belə asanlaşıb. Bildiyiniz kimi, bankomatlarımızdan mobil tətbiq vasitəsilə də nağdlaşdırma etmək mümkündür", - deyə Fərid Hüseynov bildirib.
O qeyd edib ki, Kapital Bank rəqəmsal xidmətləri təşviq etməklə, həm də ekologiyanın dostu, yaşıl bankçılıq konsepsiyasına uyğun fəaliyyət göstərən bir bank olmaq istəyir.
"Bilirsiniz ki, bu il ölkəmizdə COP29 tədbiri keçirilir. Yəni rəqəmsallaşma yolunda atılan addımlarla biz həm də bu gün dünyanın hədəfi olan ESG layihələrinin bir hissəsi olduğumuzu göstəririk. Biz ESG layihələrini komplayens strategiyamıza da daxil etmişik. Bu bizə fəaliyyətimizin effektivliyini artırmaqla yanaşı, cəmiyyətdə müsbət ekoloji və sosial təsir yaratmağa imkan verir", - deyə Fərid Hüseynov əlavə edib.