...

Bu il keçiriləcək sərgi miqyasına görə ötən illərlə müqayisədə daha genişdir - Samir Ağabalayev

İqtisadiyyat Materials 19 Sentyabr 2024 11:09 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il keçiriləcək sərgi miqyasına görə ötən illərlə müqayisədə daha genişdir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Repsublikası Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Samir Ağabalayev 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" və 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi "Securex Caspian" sərgilərinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki,2024-cü ildə "ADEX" və "Securex Caspian" sərgilərinin miqyası daha da genişlənərək, əvvəlki illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirir. Belə ki, sərgilər bu il artıq Bakı Ekspo Mərkəzinin yeni istifadəyə verilmiş 4- cü zalı da daxil olmaqla bütün ekspozisiyasını, eləcə də açıq sahəsini əhatə edəcəkdir.

“Sərgilərdə 38 ölkəni təmsil edən 270-dək şirkət iştirakını təsdiq edib. İştirakçı ölkələr Azərbaycanla yanaşı ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləridir. Builki sərgilər iştirakçıların ümumi sayının 34%-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. İştirakçı ölkələr arasında Macarıstan, Qətər, Sinqapur və Slovakiya 2022-ci il ilə müqayisədə sərgilərin yeni iştirakçılarıdır.

14 ölkə sərgilərdə milli pavilyonla təmsil olunacaq. Belə ki, Azərbaycan, Belarus, Çexiya, Çin, İtaliya, İsrail, Macarıstan, Pakistan, Qətər, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukrayna sərgilərdə milli pavilyonla iştirak edəcək. 2022-ci il ilə müqayisədə iştirakçıların sayında 32% artım qeydə alınıb”,- deyə o əlavə edib.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçiriləcək. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil ediləcək. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illi kuğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

Xəbər lenti

Xəbər lenti