Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan dəmir yolu sisteminin rəqəmsallaşdırılması üçün 47 milyon ABŞ dolları məbləğində kredit ayrılmasını təsdiqləyib.
Bu barədə Trend AİB-ə istinadən xəbər verir.
AİB-in bəyanatına əsasən, bu kreditin istifadəsi Azərbaycanın dəmir yolu şəbəkələrinin təhlükəsizliyini, etibarlılığını və səmərəliliyini artıracaq. Rəqəmsal transformasiya çərçivəsində AİB, yük əməliyyatlarının idarə olunması, texniki xidmət, aktivlərin təmiri və investisiya planlaşdırılması kimi "Azərbaycan Dəmir Yolları" QSC-nin əsas proseslərinin rəqəmsallaşdırılmasına dəstək verəcək.
Layihə, həmçinin müştərilərin məlumatlara, o cümlədən qiymətləndirmə və vergi hesablamalarına çıxış sisteminin hazırlanmasını əhatə edəcək. Layihə çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin korporativ funksiyalarının rəqəmsal təkmilləşdirilməsi də maliyyələşdiriləcək.
“Rəqəmsallaşma Şərqi və Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşməsində Azərbaycanın əsas rolunu dəstəkləyəcək", - AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov bildirib
Onun fikrincə, layihə Azərbaycana ticarət və əlaqələndirici mərkəz kimi güclü potensialını tam şəkildə açmağa kömək edəcək.
AİB-in nəqliyyat üzrə mütəxəssisi Nanyana Çjou qeyd edib ki, Azərbaycan dəmir yollarının rəqəmsallaşdırılması əməliyyat səmərəliliyinin və Azərbaycanın regional tranzit dəhlizlərində rəqabət qabiliyyətinin artırılması üçün həlledici əhəmiyyət daşıyır.
“Azərbaycanın dəmir yolu xətləri Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının 2 və 6-cı dəhlizlərində əsas rol oynayır və rəqəmsallaşdırma layihəsi CAREC-in 2030-cu ilə qədərki strategiyasına uyğundur”, - AİB-in bəyanatında vurğulanıb.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən bu yana AİB-dən 5 milyard ABŞ dollarından çox kredit alıb.