Almatı. Trend:
Avrasiya İnkişaf Bankı (AİB) və Qırğızıstan Respublikasının Nazirlər Kabineti, Bişkek-Kuntu-Belogorka-Suusamır avtomobil yolunun tikintisi layihəsi üzrə texniki dəstək göstərilməsi barədə müqavilə imzalayıblar.
Trend xəbər verir, texniki dəstək layihəsi çərçivəsində Bişkeki ölkənin cənub və qərb regionları ilə birləşdirəcək alternativ avtomobil yolunun tikintisi üçün ilkin texniki-iqtisadi əsaslandırma (TİƏ) hazırlanacaq. Layihənin maliyyələşdirilməsi üçün Bankın Texniki Dəstək Fondundan (TDF) 200 min ABŞ dollarına qədər vəsait ayrılacaq.
"Öz İnkişaf Strategiyasını və Bankın Qırğızıstan Respublikasındakı ölkə strategiyasını həyata keçirərək, AİB Texniki Dəstək Fondu (TDF) vasitəsilə "Bişkek-Kuntu-Belogorka-Suusamır avtomobil yolunun tikintisi" layihəsi üzrə ilkin TİƏ-nin hazırlanmasını maliyyələşdirir. Layihə, "Avrasiya Nəqliyyat Çərçivəsi" adlı əsas investisiya megaproyektinin tərkibinə daxildir və Qırğızıstan Respublikasının iqtisadi mərkəzləri arasında nəqliyyat əlaqələrinin gücləndirilməsini, eləcə də qonşu ölkələr arasında tranzit avtomobil daşımalarının potensialının artırılmasını təmin edir", - deyə AİB-in İdarə Heyətinin sədri Nikolay Podquzov vurğulayıb.
Yeni avtomobil marşrutu Qırğızıstan üçün böyük strateji, iqtisadi və sosial əhəmiyyət kəsb edir. Bu marşrut nəqliyyat infrastrukturunun inkişafına təsir etməklə yanaşı, faydalı qazıntı yataqlarına çıxışı asanlaşdıracaq və həm tikinti dövründə, həm də yolun istismarı zamanı yeni iş yerləri yaradacaq.
"Layihə ölkənin iki ən böyük şəhəri — Bişkek və Oş arasındakı yolların yüklənməsini azaltmağa xidmət edir. Bundan əlavə, layihə Qırğızıstan Respublikasının iqtisadiyyatı və sosial sahəsinin inkişafı üçün strateji əhəmiyyətə malikdir, çünki yeni yol mövcud marşrutdan 164 kilometr daha qısa olacaq, cənub regionlarına alternativ bir yol yaradılacaq və işlənən yataqlara nəqliyyat əlçatanlığı yaxşılaşacaq.
Eyni zamanda, yolun tikintisi beynəlxalq və daxili turizmin, ticarətin inkişafına töhfə verəcək, yeni marşrut üzrə avtobus xətləri istifadəyə veriləcək. Bu, həm avtomobil yolunun tikintisi dövründə, həm də istismar mərhələsində yeni iş yerlərinin yaradılmasını təmin edəcək", - Qırğızıstan Respublikasının nəqliyyat və kommunikasiya nazirinin müavini Bekcan Rısmendiyev bildirib.
Layihə AİB-in "Avrasiya Nəqliyyat Çərçivəsi" adlı genişmiqyaslı təşəbbüsünün vacib bir hissəsidir. Bu təşəbbüs, "Şərq-Qərb" və "Şimal-Cənub" oxları boyunca Avrasiya məkanında beynəlxalq nəqliyyat dəhlizləri şəbəkəsinin inkişafına yönəlib.