Bakı. Trend:
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti təxminən 3,952 milyard ABŞ dolları təşkil edib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov media brifinqində bildirib.
"Cari əməliyyatlar hesabının ÜDM-də payı 7,2 faiz təşkil edib. Neft-qaz sektorunda cari əməliyyatlar hesabının profisiti 11,115 milyard dollar (7,8 faiz azalma), qeyri-neft sektorunda isə kəsir 7,162 milyard dollar (32,9 faiz artım) təşkil edib", – deyə o vurğulayıb..
Keçən ilin eyni dövründə cari əməliyyatlar hesabının profisiti 6,673 milyard dollar olub. Beləliklə, profisit illik müqayisədə 40,8 faiz azalıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yekunlarına əsasən cari əməliyyatlar hesabının profisitini 6-7 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırır.
2023-cü ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 8,3 milyard dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 64,7 faiz azalma deməkdir.