Bakı. Trend:
Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransını özündə birləşdirən sayca ikinci Bakı Su Həftəsi 2025-ci ildə 10-12 sentyabr tarixlərində baş tutacaq.
Bu barədə Trend "Caspian Event Organisers" şirkətinə istinadən xəbər verir.
Bildirilib ki, Azərbaycanla yanaşı, bütün dünyada mühüm və prioritet sahələrdən biri olan su təsərrüfatı üzrə Bakı Su Həftəsi ilk dəfə olaraq 2024-cü ildə keçirilib. Bu tədbirdə 16 ölkədən 97 şirkət iştirak etmiş və üç gün ərzində tədbiri 4500-ə yaxın şəxs ziyarət edib.
Eləcə də, sərgi çərçivəsində 145 işgüzar B2B görüş keçirilmişdir. Burada yerli və xarici şirkətlərin nümayəndələri gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə ediblər.
Beynəlxalq Su Təsərrüfatı Sərgisi zamanı bir sıra mühüm məsələlər müzakirə olunub, sərginin təqdimat zonasında "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları və yenidənqurma işləri" mövzusu daxil olmaqla, bir çox panel müzakirələri təşkil edilib.
Bakı Su Həftəsi çərçivəsində təşkil olunan Bakı Su Həftəsi Beynəlxalq Konfransı isə su ehtiyatlarının idarə edilməsi, su təchizatı, iqlim dəyişikliyi və onların su ehtiyatlarına təsiri, sudan səmərəli istifadə kimi vacib mövzuları gündəmə gətirmişdir. İki günlük konfrans zamanı “Bir damcı” layihəsinin təqdimatı keçirilib. Eyni zamanda Bakı Su Həftəsi Beynəlxalq Konfransında su təsərrüfatı sahəsinə aid startaplar təqdim olunmuş və qalib gəlmiş komandalar mükafatlandırılıb.
Bu sahənin ölkədə bundan sonrakı inkişafı, yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək məqsədilə keçirilən tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir. Tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir. Eyni zamanda, sərgi Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir.