Bakı. Trend:
Bu il dövlət büdcəsindən bələdiyyələrə 7 milyon 500 min manat dotasiya, 1 milyon 550 min suvbensiya ayrılması nəzərə tutulub. Birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin olduğunu nəzərə alsaq bu il orta hesabla hər bələdiyyə üçün illik dotasiya məbləği 10 min 950 manat, aylıq isə 912 manat ayrılacaq. Bələdiyyələrin maliyyə mənbələrinin məhdud olduğunu onların güclü institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir. Təbii ki, kənar maliyyə mənbələri genişləndikcə büdcə vəsaitlərinə tələb də azalmalıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsində çıxışı zamanı deputat Vüqar Bayramov deyib.
Millət vəkili bildirib ki, dotasiyanın məbləğinin müəyyənləşdirilməsi və bölüşdürülməsi kəmiyyət meyarlarına əsaslanır.
“Halbuki, bələdiyyələrin fəaliyyəti daxil olmaqla digər keyfiyyət meyarlarından istifadə edilməsinə ehtiyac var. Dövlət büdcəsindən vəsait bölüşdürülməsi daha çox keyfiyyət indikatorları əsasında həyata keçirilməlidir.
Maliyyə təminatı ilə bağlı digər məqam dövlət büdcəsindən
dotasiyanın həcmi ilə yerli gəlirlərin məbləğinin kəskin
fərqlənməməsidir. Məruzədə də qeyd olunduğu kimi, 2024-cü ilin ilk
9 ayında yerli büdcə gəlirləri 7.1 milyon manat olub. Göründüyü
kimi, bələdiyyələr mövcud iqtisadi potensialdan tam olaraq istifadə
etmirlər. Bu isə onların büdcədən asıllığını gücləndirir.
Gəlir mənbələrinə diqqət yetirdikdə bələdiyyələr fiziki şəxslərdən
torpaq, əmlak vergisinin, yerli əhəmiyyətli tikinti materialları
üzrə mədən vergisinin və bələdiyyə müəssisəsindən alınan mənfəət
vergisinin yığılmasına məsuldur. Bələdiyyələrin çoxunun ərazisində
isə yerli əhəmiyyətli tikinti materialalrı yoxdur və bələdiyyə
müəssisələri demək olar ki, mövcud deyil. Bu baxımdan bələdiyyələr
üçün daha dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasına
ehtiyac var", - o bildirib.
Onun sözlərinə görə, bələdiyyələrin son birləşməsindən sonra da Azərbaycanda bələdiyyələrin sayı yaxın iqtisadi struktur ölkələr ilə müqayisədə yenə də çoxdur.
"Belə ki, Çexiyada 205, Bolqarıstanda 265, Rumiyada 103, qardaş Türkiyədə 1389 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərliliyinə və eləcə də şəffaflığına təsir göstərir.
Məruzəyə əsasən, bələdiyyələrin fəaliyyəti ilə bağlı 4337 müraciət daxil olub. Bu isə həmçinin ondan xəbər verir ki, bələdiyyələrin fəaliyyətinə içtimai nəzarətin daha da gücləndirilməsinə ehtiyac var.
Bütün bunlar ilə yanaşı, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi üçün aşağıdakıların nəzərə alınmasını tövsiyə edərdik:
- Dövlət büdcəsindən dotasiyanın verilməsinə keyfiyyət
meyarlarından istifadə olunsun. Daha yaxşı performans göstərən
bələdiyyə daha çox dotasiya alsın;
- Dotasiyanın məbləğinin müəyyənləşdirilməsində yaşayış
məntəqəsinin növü (şəhər, qəsəb və kənd) nəzərə alınmaqla xüsusi
əmsallar tətbiq edilsin;
- Bələdiyyə aktlarının və sənədlərinin elektronlaşdırılması
sürətləndirilsin, bu saxta sənədlərin verilməsinin qarşısını
almaqla, bələdiyyələrin fəaliyyətində şəffaflığı daha da
artırar.
- Bələdiyyələrin maliyyə mənbələrinin şaxələndirilməsi və
genişləndirilməsi daha sistemli şəkildə dəstəklənsin”, - deyə
deputat qeyd edib.