...

Bu il Orta Dəhlizdə gəmilərlə yükdaşımalar artacaq - AÇIQLAMA

İqtisadiyyat Materials 17 Fevral 2025 11:27 (UTC +04:00)
Bu il Orta Dəhlizdə gəmilərlə yükdaşımalar artacaq - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri ilə 2025-ci ilin ilk ayı üzrə yükdaşıma göstəricilərində artım qeydə alınıb.

Ümumiyyətlə, son illər gəmilərlə yükdaşımaların artması ticarət əlaqələrinin genişlənməsinə və beynəlxalq bazarlara çıxışın asanlaşmasına imkan yaradır.

Bu da Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərəcək və ölkə üçün əlavə gəlir mənbələri yaradır. Azərbaycanın logistik infrastrukturu inkişaf edir, bu da ölkənin əsas nəqliyyat dəhlizlərindən biri olmasını daha da möhkəmləndirəcək. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki mövqeyi daha da güclənəcək.

Ölkənin dəniz nəqliyyatı sahəsində artan fəaliyyəti, ölkənin strateji əhəmiyyətini artırır. Bu, həm ölkənin regional gücünü, həm də beynəlxalq ticarət əlaqələrini gücləndirir.

Gəmi daşımalarının artması beynəlxalq təchizat zəncirlərinin daha etibarlı və stabil olmasına şərait yaradır.

Bu inkişafın uzunmüddətli perspektivdə Azərbaycanın beynəlxalq ticarətdə daha fəal rol almasına və iqtisadiyyatının diversifikasiyasına kömək edəcəyi gözlənilir.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Trend-ə açıqlamasında bildirib ki, ASCO-un son illər Xəzər dənizindən kənarda da fəaliyyəti genişlənir.

"Yeni və böyük "Aframax" tipli gəmilərlə daşımalar da təşkil olunur. Bu illər ərzində Orta Dəhlizdə ən önəmli dəniz daşımalarında Xəzər önəmli halqalardan birini təmin edir. Bu da Azərbaycanın mövqeyini daha da gücləndirir. Göstərilən rəqəmlər onu göstərir ki, gəmilərlə yükdaşıma göstəricilərində artım müşahidə olunur.

Bunlarla yanaşı, ASCO öz donanmasını da yeniləyir və effektlivliyini daha da artırır. Şərq-Qərb dəhlizi üzrə Türkmənistan və Qazaxıstan istiqamətindən TIR və təkərli texnikanın daşınmasında artım müşahidə olunur.

Orta Dəhlizlə Mərkəzi Asiya ölkələrindən və Çindən gələn yüklərin artımı müşahidə edilir. Bu dinamika bu il daha da çoxalacaq. Çünki ötən il Azərbaycan və Çin arasında bağlanmış sazişə əsasən, blok qatarların sayının 300-dən 1000-ə çatdırılması nəzərdə tutulub. Bu daşımalarda da ASCO-nun fəaliyyəti önəmlidir", - o qeyd edib.

Qeyd edək ki, bu ilin ilk ayında ən böyük artım quru yük daşımalarında qeydə alınıb. 2024-cü ilin yanvarında 60 196 ton quru yük daşınmışdısa, bu göstərici 2025-ci ilin eyni ayında 180 506 tona yüksəlib, yəni 200,65% artım baş verib.

Tankerlərlə maye yük daşımalarında da müsbət dinamika müşahidə olunub. Ötən ilin yanvarında bu seqmentdə 328 533 ton yük daşınmışdısa, cari ilin eyni dövründə bu rəqəm 359 362 tona çatıb. Artım 9,38%-dir.

Vaqon daşımalarında isə 2,76%-lik artım baş verib. 2024-cü ilin yanvarında 2 688 vaqon, 2025-ci ilin eyni ayında 2 762 vaqon daşınıb.

Yanvarda TIR daşımalarında da nəzərəçarpacaq artım qeydə alınıb. 2024-cü ilin ilk ayında 2 980 TIR daşınmışdısa, 2025-ci ilin yanvarında bu rəqəm 4 139-a çatıb. Nəticədə 38,88%-lik artım olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti