Bakı. Trend:
Prezident İlham Əliyevin Sərəncamı ilə bu gün təsdiq edilən Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramının prioritet istiqamətləri açıqlanıb.
Trend xəbər verir ki, Dövlət Proqramının prioritet istiqamətləri aşağıdakılardır:
Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində nəzarət və icra prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması:
Əsaslandırma:
- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsinin qanunvericilikdə yeni olmasını nəzərə alaraq, müvafiq beynəlxalq standartların və tövsiyə olunan təcrübənin öyrənilməsi, habelə nəzarət və icra prosedurlarının uyğunlaşdırılması prosesinin aparılması zəruridir.
Görüləcək tədbirlər:
- rəsmiyyətin sadələşdirilməsi sahəsində dünya təcrübəsinin araşdırılması;
- beynəlxalq təcrübə, habelə ölkə üzrə mövcud vəziyyətin monitorinqi və təhlili əsasında hava limanlarında (aeroportlarda) hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqramın tərtib edilməsi;
- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin təmin edilməsi istiqamətində davamlı monitorinqin təşkili;
- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin təmin edilməsi üçün müfəttiş yoxlamalarının aparılması;
- hava limanlarında (aeroportlarda) rəsmiyyətin sadələşdirilməsi ilə bağlı mübadilə və mühafizə edilən məlumatların yayılmasının qarşısının alınması üçün müvafiq texniki vasitələrdən istifadə etməklə tələb olunan tədbirlərin görülməsi;
- hava limanlarında (aeroportlarda) hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair komissiyaların yaradılması;
- hava limanlarında (aeroportlarda) mövcud şəraitin əlilliyi olan şəxslər üçün universal dizayn prinsipləri əsasında beynəlxalq standartlara uyğunlaşdırılması;
- hava limanlarında (aeroportlarda) hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsində iştirak edən dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması.
Gözlənilən nəticə və nəticə indikatorları:
- monitorinqin həyata keçirilməsi ilə bağlı prosedur sənədlərinin təsdiqi, ildə bir dəfə monitorinqlərin keçirilməsi təmin ediləcəkdir;
- illik fəaliyyət planı üzrə müfəttiş yoxlamalarının keçirilməsi
təmin ediləcəkdir;
- hava limanlarında (aeroportlarda) rəsmiyyətin sadələşdirilməsi
ilə bağlı mübadilə və mühafizə edilən məlumatların qorunması təmin
ediləcəkdir;
- komissiyaların iclaslarında qəbul edilmiş qərarların icrası təmin
ediləcəkdir;
- hava limanlarında (aeroportlarda) göstərilən xidmətlərə əlilliyi
olan şəxslərin təhlükəsiz və əlçatanlığı təmin ediləcəkdir;
- xidmətlərin rəqəmsallaşması prosesinin yekunlaşdırılması təmin
ediləcəkdir.
Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi ilə bağlı tədbirlərin beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması prosesi zamanı daxili qanunvericilikdə fərqlərin meydana gəlməsi təkmilləşdirməyə zərurət yarada bilər.
Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi:
Əsaslandırma:
- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində xarici dövlətlərlə təcrübə mübadiləsinin yaranması bu sahədə çalışan əməkdaşların kadr hazırlığının təkmilləşdirilməsinə şərait yaradacaqdır.
Görüləcək tədbirlər:
- mülki aviasiya sahəsində ixtisaslaşmış personalın hazırlanması və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə cəlb edilməsi;
- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində xarici dövlətlərlə təcrübə mübadiləsi, aviasiya personalının, eləcə də digər dövlət orqanlarının (qurumlarının) aviasiya sahəsində fəaliyyət göstərən əməkdaşlarının əlavə təhsili üçün tədbirlərin həyata keçirilməsi.
Gözlənilən nəticə və nəticə indikatorları:
- ixtisaslaşmış texniki personalın hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə cəlb olunması təmin ediləcəkdir;
- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində ixtisaslaşmış kadrların təmin edilməsi prosesinin yekunlaşdırılması təmin ediləcəkdir.
Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
- maddi-texniki bazanın mövcud olmaması müəyyən çətinliklər yaradacaqdır. Əlavə olaraq, işçilərin təlim keçməsini təmin etmək mürəkkəb və vaxt aparan proses ola bilər. Xarici dövlətlərlə təcrübə mübadiləsi zamanı tələb olunacaq maliyyə resurslarının düzgün müəyyən edilməsi zəruridir.
Normativ hüquqi bazanın təkmilləşdirilməsi:
Əsaslandırma:
- beynəlxalq təcrübənin araşdırılması və öyrənilmiş təcrübə
əsasında milli qanunvericiliyin təkmilləşdirilməsi zəruridir.
Görüləcək tədbirlər:
- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması;
- beynəlxalq standartlar nəzərə alınaraq sərnişinlər və hava gəmisinin heyəti, sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatlarının toplanması, saxlanılması, mühafizəsi, təhlili, istifadəsi və mübadiləsini tənzimləyən normativ hüquqi aktların hazırlanması.
Gözlənilən nəticə və nəticə indikatorları:
- normativ hüquqi akt layihələrinin razılaşdırılmaq və təsdiq üçün aidiyyəti üzrə təqdim olunması təmin ediləcəkdir.
Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
- aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində çətinliklər yarana bilər. Belə ki, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsi bir sıra dövlət orqanlarının (qurumlarının) fəaliyyəti ilə əlaqəli olduğundan koordiasiya təkliflərinin alınması və razılaşdırılma ilə bağlı gecikmələr baş verə bilər. Qeyd edilən məsələlərin həlli məqsədilə həmin dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət müvafiq işçi qrupların yaradılması məqsədəuyğun hesab edilir.
Dövlət Proqramının həyata keçirilməsinə cəlb edilmiş rəsmiyyətin sadələşdirilməsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) və xidmət təminatçılarının fəaliyyətinin əlaqələndirilməsi üçün rəsmiyyətin sadələşdirilməsi üzrə birgə fəaliyyətin təşkili:
Əsaslandırma:
- rəsmiyyətin sadələşdirilməsi sahəsində beynəlxalq
qanunvericiliyin araşdırılması, Azərbaycan Respublikasının
ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk
edəcək hava gəmisinin sərnişin və heyət üzvləri barədə məlumatların
mübadiləsi, təhlili və qorunması üzrə fəaliyyətin
şəffaflaşdırılması, sadələşdirilməsi, bununla da həmin fəaliyyətin
operativliyinin, səmərəliliyinin və proqnozlaşdırma keyfiyyətinin
artırılması, məlumatların təhlili üçün əlaqəli proseslərin
rəqəmsallaşdırılması, məlumatların mübadiləsini və təhlilini
həyata
keçirən iştirakçılar arasındakı münasibətlərdə tam rəqəmsal mühitin
tətbiq edilməsi, o cümlədən onların informasiya sistemləri və
ehtiyatları ilə inteqrasiyasının və sənəd (məlumat) mübadiləsinin
təmin olunması zəruridir.
Görüləcək tədbirlər:
- Azərbaycan Respublikasında sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının təhlili və emalı üzrə işlərin görülməsi;
- sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının ötürülməsi zamanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 9303, müvafiq texniki vasitə ilə oxuna bilən səyahət sənədləri” ilə müəyyən edilmiş tələblərə uyğun olan və müvafiq texniki vasitələrlə oxuna bilən məlumatların ötürülməsinin təmin edilməsi.
Gözlənilən nəticə və nəticə indikatorları:
- sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının emal edilməsi və mühafizəsi üzrə işlərin görülməsi;
- sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının oxunaqlılığının təmin edilməsi.
Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
- aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində, habelə qeydiyyat məlumatlar sisteminin beynəlxalq standartlar əsasında qurulmasında texniki çətinliklər yarana bilər. Çətinliklərin aradan qaldırılması məqsədilə dövlət orqanları (qurumları) arasında məlumatlar sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində qarşılıqlı fəaliyyətin daha çevik təmin edilməsi məqsədilə və məlumatlar sisteminin bir çox sahələri əhatə etdiyini nəzərə alaraq, təhlillər aparılması və həmin təhlillər əsasında razılaşdırılmış normaların müəyyən edilməsi məqsədəuyğun hesab olunur. Bununla əlaqədar müvafiq işçi qruplar yaradıla bilər.