...

Monteneqro baş nazirinin müavini Azərbaycanla investisiya əməkdaşlığının yeni istiqamətlərindən danışıb (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 15 Aprel 2025 08:00 (UTC +04:00)
Monteneqro baş nazirinin müavini Azərbaycanla investisiya əməkdaşlığının yeni istiqamətlərindən danışıb (ÖZƏL MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Monteneqro Azərbaycanın investisiyalarının cəlb olunmasına böyük əhəmiyyət verir və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün bir neçə prioritet sektorlarda yüksək potensial görür.

Bunu Trend-ə Monteneqronun baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç 11-13 aprel tarixlərində Türkiyədə keçirilmiş Antalya Diplomatik Forumu (ADF) çərçivəsində müsahibəsində deyib.

O bildirib ki, sözügedən sektorlara turizm, enerji, infrastruktur və kənd təsərrüfatı daxildir. Onun sözlərinə görə, bütün bu sahələrdə Azərbaycanın sahib olduğu təcrübə və kapital Monteneqronun iqtisadi baxımdan inkişafına əhəmiyyətli töhfə verə bilər.

“Uğurlu investisiya əməkdaşlığımızın parlaq nümunəsi Portonovi layihəsidir – Monteneqro sahillərində həyata keçirilən və yüksək keyfiyyətli, strateji investisiyaları təcəssüm etdirən simvolik bir layihədir. Biz bu cür investisiyaları cəlb etməyə və genişləndirməyə çalışırıq. Ənənəvi sahələrlə yanaşı, dayanıqlı inkişaf, rəqəmsal keçid və innovasiyaya yönəlmiş sahələrdə yeni imkanları araşdırmağa da hazırıq. Bu isə Monteneqronun inklüziv və şaxələndirilmiş inkişafı təmin etmək üzrə uzunmüddətli strateji prioritetləri ilə sıx bağlıdır”,- Monteneqronun Baş nazirinin müavini İbrahimoviç bildirib.

Baş nazirin müavini qeyd edib ki, Monteneqro və Azərbaycanı uzun illərin dost və konstruktiv ikitərəfli əlaqələri birləşdirir və bu əlaqələr qarşılıqlı hörmət və əməkdaşlığın dərinləşdirilməsi təmayülünə əsaslanır.

“Hazırkı prioritetlərimiz siyasi dialoqun fəallaşdırılmasına və enerji, turizm, ticarət, infrastruktur və mədəniyyət kimi əsas strateji istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə yönəlib. Eyni zamanda, Monteneqronu ziyarət edən azərbaycanlı turistlərin sayının artmasından məmnunluğumuzu bildirmək istərdim. Bu, başlıca olaraq mövsümi birbaşa uçuşların təşkili sayəsində mümkün olub,” - İbrahimoviç əlavə edib.

O, Bakıda hər iki ölkənin xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri arasında keçirilmiş son siyasi məsləhətləşmələrdən danışaraq bildirib ki, bu görüşlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə dair ortaq maraqların mövcudluğunu bir daha təstiqləyir.

“Hər iki tərəf parlamentlərarası dialoqun fəallaşdırılması və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasına hazırlığın sürətləndirilməsi niyyətini ifadə edib. Bu komissiya bizim tərəfdaşlığımızı konkret və qarşılıqlı faydalı nəticələrə çevirmək üçün mühüm bir mexanizmdir”,- Monteneqronun baş nazirinin müavini qeyd edib.

Enerji əməkdaşlığı

İbrahimoviç Monteneqro hökumətinin strateji tərəfdaşlıq və regional əməkdaşlıq vasitəsilə öz enerji təhlükəsizliyinin və dayanıqlılığının möhkəmləndirilməsinə sadiqliyini vurğulayıb.

“Bu kontekstdə Azərbaycan mühüm və etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Biz enerji təchizatının şaxələndirilməsinə dəstək üçün lazımi hüquqi-normativ bazanın yaradılması üzərində aktiv iş aparırıq və bu istiqamətdə Azərbaycanın bizim regiondakı fəaliyyətini diqqətlə izləyirik. Bəzi strateji layihələr Cənub-Şərqi Avropada enerji əməkdaşlığının möhkəmləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir. Qeyd etmək lazımdır ki, Monteneqro faydalanan tərəf və potensial tranzit marşrutu kimi nəzərdən keçirilir. Bu kontekstdə biz Azərbaycanla enerji sektorunda, ələlxüsus qaz tədarükü və investisiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsinə maraq göstəririk”, - o əlavə edib.

Monteneqrodan Azərbaycana planlaşdırılan səfərlər

“Bakıda keçirilmiş uğurlu siyasi məsləhətləşmələrdən sonra biz cari il ərzində planlaşdırılmış bir sıra yüksək səviyyəli səfərlərin təşkili ilə bağlı hazırlıq işləri görürük. Bu təmaslar ikitərəfli münasibətlərimizin daha da möhkəmlənməsinə və əməkdaşlığın geniş spektr üzrə dərinləşməsinə töhfə verəcək,” - İbrahimoviç bildirib.

Onun sözlərinə görə, xüsusilə önəmli tədbirlərdən biri Monteneqro–Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının iclası olacaq.

“Ümid edirik ki, bu görüş nəticəsində ticarət, investisiyalar və sektoral əməkdaşlığın gücləndirilməsinə, habelə iqtisadi tərəfdaşlığımıza yeni təkan verilməsinə yönəlmiş praktiki addımlar atılacaq”,- Monteneqronun baş nazirinin müavini əlavə edib.

Monteneqronun Antalya Diplomatik Forumundakı gündəmi

“Antalya Diplomatik Forumu xarici siyasət və qlobal təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli dialoq üçün dünyanın aparıcı platformalarından biri kimi özünü təsdiqləyib. Builki mövzu – "Parçalanmış dünyada diplomatiyaya qayıdış" – Monteneqronun xarici siyasət baxışları və dəyərləri ilə səsləşir. Bu mövzu ələlxüsus da artan gərginlik və qlobal qütbləşmə dövründə bizim dəstəklədiyimiz prinsipləri - dialoq, əməkdaşlıq və qarşılıqlı anlaşmanı əks etdirir”, – İbrahimoviç qeyd edib.

Onun sözlərinə görə, builki forumda Monteneqro beynəlxalq münasibətlərin təməl daşı kimi diplomatiyaya inamın bərpasının zərurətinə diqqət yönəldib.

“Hazırkı qlobal turbulentlik şəraitində həqiqi dialoq sadəcə bir seçim deyil, bu bir zərurətdir. Biz regional və qlobal tərəfdaşlarla məzmunlu müzakirələr aparmaq imkanından istifadə edib, sürətli şəkildə dəyişən geosiyasi şərait fonunda çoxtərəfliliyə, münaqişələrin dinc yolla nizamlanmasına və regional əməkdaşlığa olan dəyişməz sadiqliyimizi bir daha təsdiqləmiş olduq”,- Monteneqro baş nazirinin müavini sonda bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti