Bakı. Trend:
Naxçıvan şəhərində yerləşən XVIII əsr memarlıq abidəsi Şərq hamamı (“İsmayıl xan hamamı”) bərpa olunacaq.
Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi müvafiq işlərə başlayıb.
Nazirlik hazırda sözügedən abidənin bərpası üçün layihə-smeta sənədlərini hazırlayacaq şirkət axtarışındadır.
Eyni zamanda nazirlik görüləcək işlərin 141,7 min manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, Naxçıvan şəhərindəki Şərq hamamı şəhərin mərkəzində, indiki "Təbriz" mehmanxanasının qarşısında, Dədə Qorqud meydanında yerləşir. Yerli əhali bu hamamı Naxçıvan xanları nəslindən olan İsmayıl xanın şərəfinə "İsmayıl xan hamamı"da adlandırır. Şərq hamamı Naxçıvan əhalisinin həyatında mühüm rol oynamış, yuyunma, paklanma yeri olmaqla bərabər, həm də insanların görüş, söhbət, istirahət və müalicə yerinə də çevrilmişdir.
XVIII əsrdə Şərq memarlıq üslubunda inşa edilən hamam binası giriş, xidmət zalı, çarhovuzlu yuyunma salonu, xəzinə və ocaqxanadan ibarətdir. Ümumi sahəsi 526 kvadratmetrdir. Hamam planda düzbucaqlı formadadır. Bina bişmiş kərpiclə inşa edilmişdir. Hamamın soyunma zalı səkkizbucaqlı formadadır. Yuyunma salonunun iki keçidi vardır. Zalın mərkəzində çarhovuz inşa edilib. 108 kvadrat metr sahəsi olan zalın tavanı sferik günbəzlə örtülüb.
Hamam 2005-ci ildə əsaslı təmir və bərpa edilib.