...

Bakıda Almatı Prosesinin 3-cü Nazirlər Konfransı keçirilib (FOTO)

İqtisadiyyat Materials 24 Aprel 2025 12:00 (UTC +04:00)
Bakıda Almatı Prosesinin 3-cü Nazirlər Konfransı keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Almatı Prosesinə ikiillik sədrliyinin (2023-2024-cü illər) yekunu olaraq bu Prosesin 3-cü Nazirlər Konfransı keçirilib.

Trend xəbər verir ki, tədbirdə üzv, müşahidəçi və dəvət olunmuş dövlətlərin miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq orqanlarının və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətləri iştirak edib.

Tədbirdə çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erken qeyd edib ki, IOM Bakı bəyannaməsinin qəbul olunmasını miqrasiya sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirir.

O vurğulayıb ki, bəyannamə “regional əməkdaşlığın möhkəmlənməsinə, təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin olunmasına” töhfə verəcək. Erkenin sözlərinə görə, sənəddə əks olunan müddəalar Qlobal Miqrasiya Paktı və OİM-nin strateji planı ilə uyğunluq təşkil edir və bu sənədlərdə əməkdaşlıq və əlaqələndirilmiş tədbirlər ön plana çəkilir.

Erken qeyd edib ki, Almatı Prosesi iştirakçı-ölkələr və müşahidəçi dövlətlər üçün mühüm platforma olaraq qalmaqdadır və “regionda miqrasiyanın əhəmiyyətinin artdığı və yaxın gələcəkdə də aktual olaraq qalacağı bir şəraitdə həm formal, həm də qeyri-formal fikir mübadiləsi üçün unikal imkanlar yaradır”.

Statistik məlumatlara toxunan Erken bildirib ki, Almatı Prosesi iştirakçısı olan ölkələrin hüdudlarından kənarda təxminən 8 milyon vətəndaş yaşadığı halda , bu ölkələrin daxilində olan xarici miqrantların sayı 9,5 milyon təşkil edir . Daha geniş çərçivədə – iştirakçı, müşahidəçi və dəvət olunmuş ölkələr üzrə bu rəqəmlər müvafiq olaraq 22 milyon vətəndaş və 25 milyon xarici miqrant təşkil edir.

O, həmçinin əmək miqrasiyası sahəsində müsbət dəyişiklikləri də qeyd edib: “Region ölkələri arasında əmək miqrasiyası üzrə razılaşmaların sayının artdığını müşahidə etmək bizi sevindirir,” - deyə Erken bildirib və əlavə edib ki, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin vətəndaşları artıq sərbəst hərəkət və əmək bazarına çıxış hüququndan istifadə edirlər.

Öz növbəsində, Türkiyə daxili işlər nazirinin müavini Mehmet Aktaş qeyd edib ki, Türkiyədə 2023-cü ildən bəri 456 min 851 qeyri-qanuni miqrant saxlanılıb.

O qeyd edib ki, 261 min 701 qeyri-qanuni miqrant ölkədən deportasiya edilib.

"Son iki il ərzində Türkiyədə 118 min 552 miqrant dənizlərdə boğularaq ölməkdən xilas edilib", - deyə nazir müavini vurğulayıb.

Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Askarbek Ertayev isə bildirib ki, Almatı prosesinin növbəti sədrliyi çərçivəsində Qazaxıstan həm Mərkəzi Asiya dövlətləri arasında, həm də hökumət və beynəlxalq təşkilatlar arasında regional əməkdaşlığın gücləndirilməsinə bundan sonra da vasitəçilik etmək niyyətindədir.

“Müasir çağırışlar fonunda Almatı Prosesi ölkələrində aşağıdakı əsas miqrasiya tendensiyalarını qeyd edə bilərik: region daxilində əmək miqrasiyasının artması; iqlim dəyişikliyinin əhalinin səyyarlığına təsirinin güclənməsi; miqrasiya idarəçiliyi sahəsində rəqəmsal həllərin fəal tətbiqi; miqrasiya marşrutları və istiqamətlərinin şaxələnməsi; geosiyasi amillərin miqrasiya protokollarına təsiri”, - deyə Ertayev bildirib.

A.Ertayev Qazaxıstanın mövcud miqrasiya vəziyyəti ilə bağlı konfrans iştirakçılarını məlumatlandırıb.

“2024-cü ildə Qazaxıstanın xarici miqrasiyasında müsbət dinamika nəzərə çarpır. Miqrasiyanın müsbət saldosu 2023-2024-cü illərdə də saxlanılıb. 2024-cü ilin yekunlarına əsasən miqrasiya saldosu + 17,000 nəfər təşkil edib”, -deyə o, əlavə edib.

BMT-nin məlumatlarına istinad edən nazir müavini bildirib ki, bu gün dünyada təxminən 281 milyon beynəlxalq miqrant var ki, bu da planetin ümumi əhalisinin təxminən 3,6 faizinə bərabərdir.

“Həm ölkə daxilində, həm də ölkə xaricində miqrasiya axınlarının səbəbləri arasında silahlı münaqişələr, zorakılıq, siyasi və iqtisadi qeyri-sabitlik, iqlim dəyişikliyi və texnogen fəlakətlər yer alır. Bunun fonunda aşağıdakı qlobal trendlər formalaşır:

Bir sıra ölkələrdə miqrasiya siyasətinin kəskinləşməsi, yüksək-ixtisaslı kadların ölkəxaricinə axını, əmək miqrantlarının hüquqlarının müdafiəsinə olan zərurət, iqlim dəyişikliyi ilə əlaqədar qaçqın düşən insanların sayındakı artım, habelə rəqəmsal həllərin tətbiqi fonunda miqrantların yeni həssaslıq formalarının meydana çıxmasıdır”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti