...

Yol və mədən vergisi üzrə büdcə daxilolmaları proqnozu üstələyib

İqtisadiyyat Materials 27 May 2025 10:00 (UTC +04:00)
Yol və mədən vergisi üzrə büdcə daxilolmaları proqnozu üstələyib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda yol vergisi üzrə büdcə daxilolmaları 127,4 milyon manat proqnoza qarşı icra 135,9 milyon manat və ya 8,5 milyon manat (6,7 faiz) çox olub.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, ölkə daxilində tətbiq edilən yol vergisi üzrə 90,4 milyon manat proqnoza qarşı icra 91,5 milyon manat və ya 1,1 milyon manat (1,2 faiz) çox olub. 2023-cü illə müqayisədə isə 3 milyon manat və ya 3,2 faiz azalma olub ki, bu da ölkə daxilində istehsal olunan neft məhsullarının həcminin azalması ilə əlaqədardır.

Azərbaycan ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi üzrə 44,4 milyon manat daxilolma olub ki, bu proqnozdan 7,4 milyon manat və ya 20 faiz, 2023-cü illə müqayisədə isə 1,6 milyon manat 3,7 faiz çoxdur.

Daxilolmaların proqnozdan artıq icra olunmasına Yanacaq Enerji Balansına (YEB) əsasən idxal olunan avtomobil benzininin həcminin proqnozlaşdırılandan çox təşkil etməsi ilə bağlı olub. Belə ki, Azərbaycan Respublikasının ərazisinə idxal olunan Aİ-92 markalı benzin üzrə nəzərdə tutulandan 52,2 faiz və ya 87,8 min ton, Aİ-95 markalı benzin üzrə isə 5,6 faiz və ya 7,4 min ton çox təşkil edib.

Mədən vergisi üzrə 160 milyon manat proqnoza qarşı icra 173,3 milyon manat və ya 13,3 milyon manat (8,3 faiz) çox, 2023-cü illə müqayisədə isə 9,8 milyon manat və ya 6 faiz çoxdur. Mədən vergisi üzrə daxilolmaların 81,4 faizi və ya 141 milyon manatı neft sektorunun (2023-cü illə müqayisədə 11,7 faiz-bənd az), 18,6 faizi və ya 32,3 milyon manatı (2023-cü illə müqayisədə 11,7 faiz-bənd çox) qeyri-neft sektorunun payına düşür.

Qeyri-neft sektoru üzrə mədən vergisinin 2023-cü illə müqayisədə 20,9 milyon manat və ya 2,8 dəfə artım qeyri-filiz faydalı qazıntılarına görə ödənilən mədən vergisi üzrə daxilolmaların 13 milyon manat və ya 4,3 dəfə, mineral sulara görə ödənilən mədən vergisi üzrə daxilolmaların 1,2 milyon manat və 2,6 dəfə artması ilə əlaqədar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti