Bakı. Trend:
2022-ci ildən bəri Orta Dəhliz üzrə yükdaşımaların həcmi 90 faiz artıb, marşrut üzrə tranzit müddəti isə əhəmiyyətli dərəcədə azalıb.
Trend xəbər verir ki, bunu bu gün Türkmənistanın Avaza şəhərində keçirilən, BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin üçüncü Konfransı (LLDC3) çərçivəsində baş tutan plenar iclasda Azərbaycanın Baş naziri Əli Əsədov deyib.
Onun sözlərinə görə, bir sıra Çin şəhərlərindən yola düşən konteyner qatarları cəmi 10–12 günə Azərbaycanın paytaxtı Bakıya çatır ki, bu da Orta Dəhlizin beynəlxalq ticarət üçün strateji əhəmiyyətli marşrut kimi artan rolunu göstərir.
“Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin nəqliyyat infrastrukturunun inteqrasiyası daha geniş Avrasiya qarşılıqlı bağlılığı üçün əsas yaradır”, – deyə Baş nazir BMT-nin SPECA proqramı çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunaraq bildirib.
Baş nazir 2023-cü ilin noyabrında Bakıda proqramın 25 illiyinə həsr olunmuş SPECA sammitinin keçirildiyini xatırladıb. Tədbirin əsas nəticələri regional əməkdaşlığın genişləndirilməsinə və qlobal iqtisadiyyata inteqrasiyaya yönəlmiş Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi olub.
Rəqəmsal inteqrasiyanın perspektivlərindən danışan Ə.Əsədov vurğulayıb ki, Azərbaycan rəqəmsal transformasiya təşəbbüsünü həyata keçirir. Bu təşəbbüsün mühüm hissələrindən biri “Rəqəmsal İpək Yolu” adlı genişmiqyaslı layihədir və bu layihə Xəzərdənkənar fiber-optik kabelin çəkilməsini nəzərdə tutur.