Bakı. Trend:
Beynəlxalq Daşıyıcılar Dərnəyi Azərbaycanda ortaq Ro-Ro şirkəti qurmağı planlaşdırır.
Bunu Trend-ə açıqlamasında Beynəlxalq Daşıyıcılar Dərnəyinin icra komitəsinin sədri Alper Özəl bu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində deyib.
Sədr vurğulayıb ki, Beynəlxalq Daşıyıcılar Dərnəyi olaraq bir sıra ölkə qurumları ilə, eləcə də Azərbaycan və Qazaxıstanla əməkdaşlıqlarını genişləndirməyi hədəfləyirlər:
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) ilə yeni bir layihə üzrə təmaslarımız var. ASCO ilə memorandum imzalanarsa, bu, bizə əlavə güc qatacaq. Çünki məqsədimiz burada Ro-Ro investisiyası etməkdir. İlk mərhələdə 2027-ci ilə qədər 4 Ro-Ro planlaşdırılır, daha sonra isə 2048-ci ilə qədər davam edən bir prosesin şahidi olacağıq. Ümumilikdə bütün layihəyə baxanda 24 Ro-Ro-luq investisiya nəzərdə tutulub.
Bu, yalnız investisiya deyil, bu, Türkiyə tərəfi üçün də əhəmiyyətlidir. Memorandumun nəticəsi olaraq ortaq bir şirkət, məsələn “Caspian Roro Shipping Company” kimi bir şirkət qurmaq planlaşdırılır. Yeni şirkət Azərbaycanın ərazisində fəaliyyət göstərəcək, amma əlbəttə ki, Türkiyədə də ofisləri olacaq. Bu proses 2048-ci ilə qədər davam edəcək".
"Hazır olmaq üçün öncədən plan qurmalıyıq. Azərbaycan tərəfindən bu istiqamətdə ASCO ilə danışıqlar aparılır. Yəni məqsədimiz Azərbaycanda Ro-Ro şirkəti qurmaqdır. Şirkətin adı, ofisləri harada olacağı müəyyənləşdiriləcək, amma əsas məqsəd ortaq bir şirkət yaratmaqdır", - Alper Özəl vurğulayıb.
