...

Azərbaycanın qeyri-neft məhsulları ixracı 8%-dən çox artıb

İqtisadiyyat Materials 30 Yanvar 2026 10:51 (UTC +04:00)
Azərbaycanın qeyri-neft məhsulları ixracı 8%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ dollarına bərabər olub.

Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

2025-ci ilin yanvar-dekabr aylarında ixrac olunan şəkər əvvəlki ilin müvafiq dövrünə nəzərən 57,4%, meyvə-tərəvəz 27,4%, alüminium və onlardan hazırlanan məmulatlar 24,2%, pambıq iplik 19,3%, kimya sənayesi məhsulları 8%, bitki və heyvan mənşəli piylər və yağlar 2% artıb.

Ötən il aqrar məhsullar üzrə ixrac 26,7% artaraq 1 mlrd ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9% artaraq 1,3 milyard ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl ( 326,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (192,5 milyon ABŞ dolları) ikinci, karbamid (170,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin dekabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (36,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (29,2 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı ( 20,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Ötən ilin on iki ayında Rusiya Federasiyasına 1,2 milyard ABŞ dolları, Türkiyəyə 597,3 milyon ABŞ dolları, Gürcüstana 347,9 milyon ABŞ dolları, İsveçrəyə 347,8 milyon ABŞ dolları, Ukraynaya isə 201 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin dekabr ayında Rusiya Federasiyasına 96,3 milyon ABŞ dolları, Türkiyəyə 51,2 milyon ABŞ dolları, Gürcüstana 41,4 milyon ABŞ dolları, İsveçrəyə 32,9 milyon ABŞ dolları, Ukraynaya isə 10,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2025-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton” MMC, "Baku Steel Company" QSC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, “TABATERRA” QSC, “STP Alüminium” MMC,"Export Stream" MMC,"P-AQRO" MMC,"KHAN-EL" MMC, “AGRARCO” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “Socar-Dalğıc” MMC, "İstisu" mineral su zavodu MMC, "Azərbaycan Dəmir yolları" QSC, “SOCAR CAPE” MMC.

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 43 ölkəsinə 18,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 4,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,5 milyon ABŞ dolları ilə Lüksemburq, 1,3 milyon ABŞ dolları ilə İsveç, 861 min ABŞ dolları ilə Türkiyə, 823,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti