...

Monitorinq zamanı Azərbaycanda "quş qripi" aşkar olunmayıb - Dövlət Baytarlıq Xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2007 15:07 (UTC +04:00)
Monitorinq zamanı Azərbaycanda "quş qripi" aşkar olunmayıb - Dövlət Baytarlıq Xidməti

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Cümə günü Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, Azərbaycanda "quş qripi"nin xəbərdarlığı ilə bağlı 2007-ci il ərzində sayca 11-ci olan monitorinq zamanı əvvəlki monitorinqlərdə olduğu kimi ölkə ərazisində virus aşkar edilməyib.

Noyabrın 19-30-da aparılan monitorinq zamanı çöl quşlarının qan nümunələri və patoloji materialları, ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilmiş ev quşlarının nümunələri müayinə olunub.

Monitorinq köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Pirallahı adası, Dəvəçi, Salyan, Ağcəbədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dənizsahili zonalarında həyata keçirilib. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, eləcə də Ovçular Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

Azərbaycanda çöl quşlarının ovu, istifadəsi və satışına 2005-ci ilin payızında qoyulan qadağa hələ də qüvvədə qalır. Ölkənin sərhəd-buraxılış baytar məntəqələri gücləndirilmiş rejimdə işləyir.

Xəbər lenti

Xəbər lenti