...

Azərbaycan sahibkarlara Rusiyanın Rostov vilayətindən quş əti məhsulları idxalından imtina etməyi tövsiyə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 13:44 (UTC +04:00)
Azərbaycan sahibkarlara Rusiyanın Rostov vilayətindən quş əti məhsulları idxalından imtina etməyi tövsiyə edib

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə sahibkarlarına Rusiya Federasiyasının Rostov vilayətindən bu reginda "quş qripi"nin baş qaldırması səbəbindən müvəqqəti olaraq quş əti məhsulları idxalından imtina etməyi tövsiyə edib. Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

"Azərbaycan Rusiyanın bu vilayətindən quş əti məhsulları idxal etmir, lakin biz yaranan vəziyyət və ölkə sahibkarlarının Rusiya vilayətindən quş əti məhsullarının alınmasına dair mümkün potensial istəklərini nəzərə alaraq onlara belə tövsiyə etdik" Dövlət Baytarlıq Xidmətindən olan mənbə bildirib.

Rusiya KİV-nin məlumatına görə, dekabrın 11-də Rostov vilayətinin iri quşçuluq fabriklərindən biri olan Qulyay- Borisovskoda (Zernoqrad rayonu) karantin elan olunub. Dekabrın 7-də bu ərazidə quşlar tələf olmağa başlayıb və çərşənbə axşamı üçün artıq 35 min baş quş ölüb. Heyvanların mühafizəsi üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu "quş qripi" - H5N1 virusu aşkar edib.

Rostov vilayətinin kənd təsərrüfatı və ərzaq naziri Vyaçeslav Vasilenkonun sözlərinə görə, quşçuluq fabrikində qalan 450 min toyuğun məhv edilməsi qərara alınıb. "Virusun yayılmasının qarşısını almaq üçün gündə 50 min baş quş məhv ediləcək" - deyə o, "Vedomosti" qəzetinə bildirib.

"RBK daily" qəzeti yazır ki, epidemiya yalnız Qulyay-Borisovsko quşçuluq fabrikinə zərbə vurmayıb. Praktiki olaraq regionun bütün quşçuluq fabriklərində plandan xaric yoxlamalar başlayıb. Bazar iştirakçıları 2005-ci ildəki vəziyyətin təkrarlanacağından qorxurlar. O zaman "quş qripi" Rusiyanın bir sıra regionlarını əhatə etmişdi. Rusiya regionlarının Administrasiyaları nəinki karantin regionlarından, həmçinin bir sıra hallarda bütün regionlardan toyuq və yumurta idxalına qadağalar tətbiq etmişdi.

Azərbaycanın Dövlət Baytarlıq Xidmətindən bildiriblər ki, bu və ya digər regionlardan məhsulların idxalına rəsmi qadağa yalnız Beynəlxalq Epizodik Bürodan virus təhlükəsinə dair rəsmi məlumat daxil olduqdan sonra qoyula bilər.

"Hələ ki, biz belə bir informasiya almamışıq, belə bir şey olarsa dərhal qadağa elan olunacaq" Dövlət Xidmətindəki mənbə bildirib.

Azərbaycan Moskva ətrafı və Krasnodar vilayətlərindən kolbasa və kolbasa məhsulları alır. Quş əti məhsulları Türkiyə, Braziliya və ABŞ-dan idxal olunur.

Beynəlxalq Epizodik Büronun verdiyi məlumata görə, 2007-ci ildə "quş qripi" virusu Əfqanıstan, Banqladeş, Kamboca, Çexiya, Fransa, Almaniya, Qana, Honkonq, Küveyt, Macarıstan, Hindistan, Yaponiya, Koreya, Laos, Malayziya, Myanma, Pakistan, Rumıniya, Rusiya, Polşa, Tailand, Türkiyə, Böyük Britaniya, Toqo və Vyetnamın ferma və quşçuluq təsərrüfatlarında aşkar olunub.

Xəbər lenti

Xəbər lenti