...

Azərbaycan parlamenti "Avtomobil nəqliyyatı haqqında" Qanun qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2008 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti "Avtomobil nəqliyyatı haqqında" qanun layihəsi qəbul edib. "Qanun layihəsi Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir", -deyə parlamentin çərşənbə axşamı keçirilən iclasında İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib.

Komissiya sədri qeyd edib ki, qanun layihəsi martın dördündə Milli Məclisdə ikinci oxunuşda qəbul olunub. Müzakirələrdən sonra qanun layihəsində, əsasən, redaktə xarakterli dəyişikliklər edilib.

Qanuna əsasən, taksi ilə sərnişin daşımaları müəyyən olunmuş qaydada vergi orqanlarında qeydiyyata alınan və müvafiq xüsusi razılığa (lisenziyaya) malik olan daşıyıcılar tərəfindən metroloji yoxlamadan keçən taksometrin göstəriciləri üzrə müvafiq ödəniş əsasında həyata keçirilir. Eyni zamanda, taksi ilə sərnişin daşımalarını həyata keçirən daşıyıcı sifariş gözləyərkən yalnız avtomobil nəqliyyat vasitələri üçün müəyyən olunan dayanacaqlardan istifadə etməlidir.

"Dünyanın bütün ölkələrində şəhər nəqliyyatı və şəhərdə sərnişindaşıma sərt qanunlarla idarə olunur. Azərbaycanda da buna böyük ehtiyac var. Bakıya böyüktutumlu avtobusların gətirilməsi ilə əlaqədr olaraq, son günlərdə bu sahədə ciddi gərginlik yaranıb. Ona görə də "Avtomobil nəqliyyatı haqqında" Qanunun qəbul olunması vacibdir", -deyə Səmədzadə əlavə edib.

Qanun layihəsi avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində dövlət orqanları, daşıyıcılar və istehlakçılar arasında yaranan münasibətləri tənzimləyəcək.

Layihə bu sahədə fəaliyyətin həyata keçirilməsi üçün vahid normaların və qaydaların yaradılmasını, sahibkarlağın inkişaf etdirilməsi və dövlət tərəfindən dəstəklənməsini, azad və rəqabət mühitinin qorunması və inkişaf etdirilməsini nəzərdə tutur. Eyni zamanda, təhlükəsizliyin təmin olunması, sərnişinlərin və daşıyıcıların mənafelərini təmin edən məqsədyönlü tarif siyəsətinin həyata keçirilməsi məsələləri əks olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti