...

BMK Azərbaycanda əməliyyatların genişləndirilməsi üzrə planlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2008 20:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel/ " müxbir İ.Xəlilova/ Beynəxalq Maliyyə Korporasiyası (BMK) investisiya həcmlərinin və əməkdaşlıq sahələrinin artırılması hesabına, Azərbaycandakı fəaliyyətini genişləndirməyi planlaşdırır. Bu barədə cümə günü Bakıda BMK-nın aprelin 3-də ikigünlük səfərlə Azərbaycana gəlmiş Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Deklan Daff məlumat verib.

BMK 12 illik fəaliyyəti ərzində Azərbaycanda 20 layihənin maliyyələşdirilməsi üçün $263,95 mln. investisiya yatırıb. Bu vəsaitlərin böyük hissəsi (76 faiz) neft-qaz sahəsindəki layihələrə, 10 faiz - maliyyə sektoruna, 8 faiz - sənaye və 6 faiz - aqrobiznesə ayrılıb.

"Korporasiya ölkə iqtisadiyyatının, demək olar ki, bütün istiqmaətlərində maliyyələşdirir. Lakin biz özəl sektorda fəaliyyətimizi genişləndirmək niyyətindəyik və birbaşa maliyyələşdirməyə hazırıq", - Daff bildirib.

Onun rəyinə görə, əsas məqsəd kiçik və orta bizneslə əməliyyatların genişləndirilməsidir. Bundan əlavə, Korporasiya təchizat şəbəkəsinin inkişafı üçün kənd təsərrüfatı istehsalının və emalının maliyyələşdirilməsini, həmçinin, infrastrukturun inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirir. BMK özünün maliyyələşdirməsi ilə yanaşı, digər beynəlxalq maliyyə institutlarından kreditlərin cəlb edilməsinə hazırdır. Korporasiyanın AR-da analoji iş təcrübəsi artıq var. Maliyyə korporasiyası Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi layihəsinə $125 mln. sərmayə yatırıb və digər maliyyə institutlarından $125 mln.-ın cəlb edilməsinə yardım edib.

Cənubi Avropa və Mərkəzi Asiya üzrə departamentin direktoru Şahbaz Məvaddat bildirib ki, BMK ölkənin bank sektoru vasitəsilə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsini, regionların əhatə edilməsi üçün yeni məhsulların tətbiqini davam etdirəcək.

"Bundan əlavə, Korporasiyanın əməkdaşlıq planları tərəfdaşlardan və ölkədəki iqtisadi münasibətlərdən asılıdır. Lakin biz hesab edirik ki, Azərbaycanın böyük iqtisadi potensialı var", - Məvaddat bildirib.

Maliyyə Korporasiyasının Azərbaycandakı gələcək fəaliyyət strategiyası bank sektorunun, həmçinin, müxtəlif maliyyə institutlarının dəstəklənməsi və möhkəmlənməsindən ibarətdir. Korporasiya artıq Azərbaycanda ipoteka sahəsi, lizinq sektorunda maliyyə və texniki dəstəyin göstərilməsinə başlayıb.

Bu gün BMK Azərbaycan İnvestisiya Şirkəti ilə Azərbaycanda həm bank sektoru (AGBank, Rabitəbank, UniBank, Koçbank-Azərbaycan, Texnika Bank, Azərbaycan Mikormaliyyələşdirmə Bankı, Bank Respublika, Azərdəmiryolbank), həm də biznes sahəsində (ADA Group, Azerbaijan Electronikasi, Park Hyatt Baku, Baku Coca Cola) müştəri bazasına malikdir. Korporasiya onlarla müxtəlif istiqamətlərdə - korporativ idarəetmə, səhmdar kapitalında iştirak, mikormaliyyələşdirmə, ipoteka sahəsində işləyir.

Bu gün BMK üç bankın - AGBank, Koçbank və AMMB-ın kapitalında iştirak edir və Bank Respublika-nın səhmdarları sırasına daxil olmağa hazırlaşır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti