...

Azərbaycan və Qazaxıstan energetika sahəsində əməkdaşlığı genişləndirəcək - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2008 13:35 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan energetika sahəsində əməkdaşlığı genişləndirəcək - səfir

Qazaxıstan, Astana, 22 aprel / Trend , müxbir K.Konırova/ Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq yalnız güclənə bilər, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov belə hesab edir.

Sabah Astanada keçiriləcək dövlətlərarası komissiyanın növbəti iclasında energetika məsələsi əsas mövzulardan biri olacaq. Bu gün dövlətlərarası komissiyanın növbəti iclasında iştirak etmək üçün Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin başçılıq etdiyi nümayəndə heyətinin Astanaya səfəri gözlənilir.

"Azərbaycan və Qazaxıstan öz regionlarında Qafqazda və Mərkəzi Asiyada lider dövlətlərdir. Belə ki, qloballaşma proseslərində regionlararası əməkdaşlığın rolu getdikcə artır. Starteji tərəfdaş olan bu iki respublika arasında əsasən enerji təhlükəsizliyi sahəsindəki əməkdaşlıq illər ərzində daha da güclənəcək"- deyə səfir Trend ın xüsusi müxbirinə məlumat verib.

O xatırladıb ki, Azərbaycan və Qazaxıstan sərbəst şəkildə Avropada enerji təhlükəsizliyinin təmin olunması barədə Saziş imzalayıb ki, bu saziş gələcəkdə bu istiqamətdə qüvvələrimizin birləşdirilməsinə zəmin yaradır.

Səfirin sözlərinə görə, Azərbaycan Qazaxıstan tərəfinin nəzərdən keçirməsi üçün üç sənəd hazırlayıb: sənaye və energetika sahəsində əməkdaşlığa dair memorandum, ticarət və sərmayələr sahəsində əməkdaşlığa dair memorandum, müştərək kooperasiya haqqında saziş.

"Dövlətlərarası komissiyanın iclasında tərəflər bu sənədləri nəzərdən keçirəcək və sənədlər hazır olduğu təqdirdə Nursultan Nazarbayevin bu il Bakıya səfəri zamanı iki respublika liderlərinin görüşü çərçivəsində təqdim ediləcək" - deyə diplomat bildirib.

İclasda TRASECA dəhlizi vasitəsilə Qazaxıstandan yüklərin tranziti, kənd təsərrüfatı sahəsindəki əməkdaşlıq məsələləri müzakrə olunacaq. Energetika sahəsində əməkdaşlıq etmək üçün iki ölkə arasında artıq hüquqi baza yaradılıb.

2006-cı ildə Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə qoşulması barədə Saziş imzalanıb, ötən ilin yayında isə Qazaxıstan Xəzər nəqliyyat sistemi üzrə stateji tərəfdaşlığa dair Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və "Kazmunayqaz" arasında memorandum imzalanıb.

"Hazırda Qazaxıstan neftini qəbul etmək üçün BTC kəmərinin genişləndirilməsi məsələləri müzakirə olunur, lazım olduğu təqdirdə Qazaxıstan Bakı-Supsa boru kəmərini də istifadə edə bilər" - deyə səfir bildirib.

Sabah Komissiyanın iclasında həmçinin, Azərbaycanın Qazaxıstana olan 16,9 mln. dollar həcmində borcunun ödənməsi tarixi və müddəti də müzakirə olunacaq. Borcun ödənişi haqqında prinsipial müqavilə ötən il Azərbaycanın maliyyə naziri Samir Şərifovun Astanaya səfəri zamanı əldə olunub.

Səfirin qeyd etdiyi kimi, bundan əlavə bir müddət öncə Aktauda keçirilən İkinci İnvestisiya Forumunda Qazaxıstanda ixtisaslı kadrların çatışmamazlığı məsələsi qaldırılıb.

"Aktauda keçirilən danışıqlar zamanı Azərbaycan tərəfi qazaxıstanlı gənclərin zəngin tarixə və müvafiq bazaya malik Azərbaycan Neft Akademiyasında təhsil almaları üçün yardımını təklif edib. Ona görə də, dövlətlərarası komissiyanın iclasında bu məsələ də müzakirə olunacaq" - deyə diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti