Azərbaycan, Bakı, 05 may/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın Maliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası ərazisində bank fəaliyyəti göstəcək "Naxçıvanbank" ASC kommersiya bankını qeydiyyatdan keçirib. Bu barədə bazar ertəsi nazirlikdən məlumat veriblər. Bu, Azərbaycanda ikinci regional bank olacaq.
Birinci bank - Ganja Bank 1994-cü ildə təsis edilib. Bu gün Bankın 15 səhmdarı var və onlardan biri hüquqi şəxsdir (Gəncə hava limanı - bankın səhmlərinin 0,1 faizi ona məxsusdur). Bank hazırda AYİB ilə, səhmlərinin 25 faizədək hissəsinin ona satılmasının mümkünlüyü haqqında danışıqlar aparır.
Naxçıvanbank yeddi fiziki şəxs tərəfindən təsis edilir. Onlardan biri Türkiyə vətəndaşıdır və 300 min paya malik olacaq. Bank, bir səhmin nominal dəyəri 10 manat olmaqla, 10 mln. manat Nizamnamə kapitalı ilə yaradılır.
Bankın Müşahidə Şurasında Xuraman Mircavadova, Vasif Kazımov və Əlidadaş Babayev təmsil olunublar.
Bu gün Azərbaycanda 46 bank fəaliyyət göstərir və onlardan 21-də xarici kapital iştirak edir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]