Azərbaycan, Bakı, 19 may / Trend , müxbir S.Babayeva/ Bu gün Azərbaycanda daxili bazarın tələbatının ödənilməsi üçün kifayət qədər taxıl ehtiyatı var. Bu barədə bazar ertəsi "WorldFood Azerbaijan" - 14-cü Beynəlxalq Qida Sənayesi sərgisi və "Agrihort Azerbaijan" - 2-ci beynəlxalq Kənd Təsərrüfatı sərgisinin açılışında kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib. Sərgilər Heydər Əliyev adına İdman-Sərgi Kompleksində öz işinə başlayıb.
Nazirin sözlərinə görə, yanvar ayında ölkədə taxıl ehtiyatları 760 min ton təşkil edib. Dörd ay ərzində təxminən 366 min ton taxıl alınıb. Aprel ayında isə, Azərbaycana 104 min ton taxıl gətirilib.
"Taxılın qalığı, idxalı və təlabatını nəzərə alaraq, məsuliyyətlə deyə bilərəm ki, ölkədə kifayət qədər taxıl ehtiyatı var və bir aydan sonra da Azərbaycan biçinə başlayacaq", - deyə Abbasov bildirib.
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi 2008-ci ildə 3 mln. tonluq təlabata qarşı 2,3-2,4 mln. ton taxıl istehsalı proqnozlaşdırır. Bu həcmin 1,5 mln. tonu ərzaq taxılının payına düşür.