Azərbaycan, Bakı, 22 may / Trend / Azərbaycanın iri sığorta şirkətlərindən biri Beynəlxalq Sığorta Şirkəti (BSŞ) Azərbaycan Milli Bankı (AMB) ilə birlikdə bankın müştərilərinə sığorta xidmətlərinin təqdim edilməsi üçün növbəti birgə layihənin reallaşdırılmasına başlayıb. Bu barədə şirkətin çərşənbə günü yayılan məlumatında deyilir.
Şirkətin məlumatına deyilir ki, yeni layihənin mahiyyəti avtonəqliyyat və mənzilin sığortası zamanı AMB-dən plastik kart əldə edən bütün müştərilərə standart tariflərdən 20 faizədək endirim təklif olunmasından ibarətdir.
Məlum olduğu kimi, AMB plastik kart əldə edən müştərilərə Azərbaycan sərhədlərindən kənara çıxan insanlar üçün nəzərdə tutulmuş pulsuz sığorta təklif edir. Seçilmiş proqramdan asılı olaraq, bura tibbi sığorta, üçüncü şəxslər qarşısında məsuliyyətin sığortası, bədbəxt hadisələrdən sığorta və digərləri daxildir.
2002-ci ilin aprelindən fəaliyyət göstərən BSŞ hazırda 29 könüllü və 5 məcburi sığorta xidməti göstərir. Şirkətin Nizamnamə kapitalı 8,8 mln. manat təşkil edir.