Azərbaycan, Bakı, 27 may / Trend , müxbir S.Babayeva/ Hazırda Moldova və Azərbaycan arasında qarşılıqlı siyasi əlaqələr və əməkdaşlıq üçün əsaslı hüquqi baza var. 50-dən çox hökumətlərarası və idarələrarası sazişlər imzalanıb. Bu haqda Moldovanın Azərbaycandakı səfiri İon Robu "Rabitə Dünyası" (Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi qəzeti) qazetinə verdiyi müsahibədə bildirib.
"Ölkələrimiz arasında gələcək əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi üzrə praktiki olaraq heç bir sədd və ya problem görmürük. Ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri kifayət qədər genişdir. Onlar bütün sahələri əhatə edir", - səfir bildirib.
Diplomat hesab edir ki, bununla belə ticari-iqtisadi əməkdaşlıq göstəriciləri iki ölkənin imkanı və potensialına müvafiq deyil. "Lakin ümid var ki, bunları qısa müddət ərzində düzəltmək olar", - o qeyd edib.
2007-ci ildə Moldova və Azərbaycan arasında mal dövriyyəsinin həcmi ötən illə müqayisədə 1,5 dəfə artıb.
Robunun sözlərinə görə, Moldova Azərbaycan kimi işgüzar dairələr və ivestorlar üçün cəlbedici ölkə olmağa başlayıb. "Biz ölkələr arasında iqtisadi münasibətlərin möhkəmlənməsi və uğurlu olması üçün Azərbaycandan olən istənilən şirkət üçün lazımı şəraiti yaratmağa hazırıq", - o bildirib.
Bununla bərabər səfir qeyd edib ki, hazırda Moldova-Azərbaycan ikitərəfli münasibətlərinin ən aktual məsələlərindən biri enerji sahəsində əməkdaşlıqdan ibarətdir. Belə ki, Moldova Azərbaycanın bu sahədə zəngin təcrübəsinin istifadəsində maraqlıdır.