...

"Unileasing" şirkəti 1.8 milyon manat məbləğində istiqrazların emissiya prospektini qeydiyyatdan keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2008 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend / Şirkətin lizinq əməliyyatlarının maliyyələşdirilməsi üçün əlavə vəsaitlərin cəlb olunması məqsədilə "Unileasing" Lizinq Şirkəti" QSC Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) faizli sənədsiz adlı istiqrazların emissiya prospektini qeydiyyatdan keçirib. Bu barədə şirkətin bazar ertəsi yayılan məlumatında bildirilir.

Emissiyanın həcmi 1,8 mln. manat, bir istiqrazın nominal dəyəri min manat, istiqrazlar üzrə illik faiz dərəcəsi 14%, tədavül müddəti isə 360 gün təşkil edir.

Emissiya çərçivəsində şirkət tərəfindən cəlb edilən maliyyə vəsaitləri orta və kiçik biznesin maliyyələşdirilməsinə yönəldiləcək.

"Unileasing" şirkəti tərəfindən həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün müxtəlif maliyyə resursları cəlb olunur. Maliyyələşdirmə zamanı əsas rolu şirkətin təsisçiləri - "Unibank" Kommersiya Bankı və Avropanın ən iri bank institutu olan Avropa Yenidənqurma və Kommersiya Bankı oynayır. Maliyyə vəsaitləri həmçinin IFC - Beynəlxalq Maliyyə Korporasiyası, Rayffayzenbank, ICD - Özəl sektorun inkişafı İslam korporasiyasının xətti ilə və s. xətlər üzrə cəlb edilirdi.

Hazırda "Unileasing" şirkəti müxtəlif maliyyə institutları, xüsusilə də ABŞ və Türkiyənin "Eximbank"ı, eləcə də Yaponiyanın kommersiya bankları ilə yerli sahibkarların müxtəlif layihələrinin maliyyələşdirilməsi üçün vəsaitlərin cəlb edilməsi üzrə danışıqlar aparır.

Bununla əlaqədar "Unileasing" kiçik, orta və iri biznes nümayəndələrini birgə layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa dəvət edir.

Şirkət istiqrazlarının ilkin emissiyası 2007-ci ilin aprel ayında QKDK-da qeydiyyatdan keçirilib. Emissiyanın həcmi 7min manat, bir istiqrazın nominal dəyəri 100 manat, istiqrazlar üzrə illik faiz dərəcəsi 14%, tədavül müddəti isə 365 gün təşkil edib.

Xəbər lenti

Xəbər lenti