...

Ağacın bahalaşması Azərbaycanda evlərin bahalaşmasına səbəb olacaq - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2008 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir U.İsmayılova / Əsas tikinti materiallarından biri - ağacın bahalaşması daşınmaz əmlak bazarında qiymətlərin artmasına gətirib çıxaracaq. Bu haqda "MBA group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bazar ertəsi bildirib.

"Tikinti zamanı xərclərin 8,3 faizini ağac təşkil edir və nəzərə alınmalıdır ki, ümumilikdə tikinti zamanı çəkilən xərclərin 47 faizi tikinti materiallarının payına düşür", - deyə İbrahimov bildirib.

"MBA group" konsaltinq şirkəti tərəfindən aparılan monitorinqin nəticələrinə əsasən, mayda ağacın qiyməti 3 faizdən çox bahalaşıb. Ölkənin tikinti sektorunda istifadə olunan ağac materialları yalnız Rusiyadan idxal olunur. Mövsümi səbəbdən (yağıntıların çox olması) Rusiya ağac ixracatçıları ağacın tədarükünü dayandırıblar və bu da ağacın bahalaşmasına təsir göstərib.

İbrahimovun sözlərinə görə, bu növ tikinti materialının bahalaşması ilk növbədə işçi qüvvəsinin bahalaşmasına gətirib çıxaracaq.

"İşçi qüvvəsinin və tikinti materiallarının [tikintinin maya dəyəri] bahalaşması birinci növbədə ilkin bazarda qiymətlərin artmasına gətirib çıxaracaq", - deyə İbrahimov bildirib.

Təşkilatın keçirdiyi monitorinqin nəticələrinə əsasən, mayda tikinti materiallarının qiyməti aprelə nisbətdə 6,1 faiz artıb. Mayda təşkilat tikinti materiallarının 105 növü və 48 çeşidi üzrə monitorinq keçirib, bunlardan 54 növ üzrə qiymət artımı, 14 növ üzrə qiymətin aşağı enməsi, digər 37 növ üzrə isə qiymətlərin stabil qaldığı müşahidə olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti