...

Gürcüstan MDB-dən çıxmaqla nə itirəcək?

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2008 15:28 (UTC +04:00)
Gürcüstan MDB-dən çıxmaqla nə itirəcək?

Azərbaycan, Bakı, 10 oktyabr / Trend / Ellada Xankişiyeva, Trend -ın Analitik Mərkəzinin direktoru

Gürcüstanın MDB-nin tərkibindən çıxması onu siyasi dividendlərdən daha çox sosial-iqtisadi dividendlərdən məhrum edəcək. Əvvəlla, Gürcüstan bu məkan daxilində malların, kapitalın əməyin və xidmətlərin sərbəst hərəkətindən kənarda qalacaq və müvafiq olaraq müxtəlif ehtiyatlara olan güzəştli qiymətlərdən məhrum olacaq.

2008-ci ilin yeddi ayının yekunlarına əsasən, Gürcüstanın MDB dövlətləri ilə xarici ticarət dövriyyəsi $1,5 mlrd.-a çatıb ki, bu da ölkənin ümumi xarici ticarət dövriyyəsinin ($4,7 mlrd.) 32 faizini təşkil edir.

İkincisi, Birlik çərçivəsində diplomların qarşılıqlı tanınması haqqında müqavilə mövcuddur. MDB-nin digər ölkələrində təhsil almaq haqqında diplomları olan gürcülər ali təhsilsiz qala bilərlər.

Üçüncüsü, Tbilisi Rusiyadan başqa MDB-nin bütün ölkələri ilə vizasız sazişlərə malikdir. Gürcüstan MDB-dən çıxarsa, bu sazişlər qüvvədən düşəcək.

Bundan əlavə, MDB ərazisində əmək stajının hesablanması haqqında ümumi texniki reqlamentlər qüvvədədir. Gürcüstanın MDB çərçivəsində ticari-iqtisadi əməkdaşlıq sahəsində yalnız Rusiya ilə 40-dək hökumətlərarası sazişi var.

Hazırki şəraitdə Gürcüstanın iqtisadi inkişafının başlıca amili onun nəqliyyat-coğrafi vəziyyətidir. Gürcüstan Mərkəzi Asiya ölkələri və Azərbaycanı Qara dəniz limanları ilə bağlayan kommunikasiyalar baxımından regionda vacib mövqe tutur. Bu səbəbdən Gürcüstanın iqtisadi artımının, valyuta daxilolmalarının, sərmayə və yeni iş yerlərinin böyük hissəsi nəqliyyat kompleksi, tranzit və ilk növbədə karbohidrogenlərin tranzitinin inkişafı ilə bağlıdır: mövcud Bakı - Tbilisi - Ceyhan neft kəməri, Bakı - Tbilisi - Ərzurum ixrac qaz kəməri, tikilməkdə olan Bakı - Tbilisi - Qars dəmir yolu əlaqəsi.

Oktyabrın 9-da Bişkekdə (Qırğızıstan) Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının (MDB BXİNŞ) iclası keçirilib. İclasda Gürcüstanın Birlikdən çıxması haqqında texniki qərar qəbul edilib.

Gürcüstan prezidenti Mixail Saakaşvili hələ avqustun 12-də bəyan edib ki, ölkə MDB-dən çıxır. Lakin Gürcüstan yalnız 2009-cu ilin avqustundan Birliyə de-yure üzvlüyünü dayandırır.

Müstəqil Dövlətlər Birliyi BSSR, RSFSR və USSR-in dövlət başçıları tərəfindən, 1991-ci il dekabrın 8-də Brest altında Viskulyada Belovejsk sazişinin imzalanmasından sonra yaradılıb. 1992-ci il dekabrın 21-də Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan sazişə qoşulub. 2005-ci ildə Türkmənistan MDB-nin həqiqi üzvlüyündən çıxıb və assosiasiya edilmiş müşahidəçi üzv statusunu alıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti