...

Azərbaycan və Qazaxıstan Transxəzər sisteminin əsas prinsipləri üzrə qarşılıqlı anlaşmaya gəlir: SOCAR-ın Qazaxıstandakı nümayəndəliyinin rəhbəri ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2008 13:20
Azərbaycan və Qazaxıstan Transxəzər sisteminin əsas prinsipləri üzrə qarşılıqlı anlaşmaya gəlir: SOCAR-ın Qazaxıstandakı nümayəndəliyinin rəhbəri ilə müsahibə

Trend-i buradan izləyin

Qazaxıstan, Astana, 22 oktyabr/ Trend , müxbir K.Konırova/ SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Qazaxıstandakı nümayəndəliyinin direktoru Vurğun Cəfərovla Trend -ın Astanadakı xüsusi müxbirinin müsahibəsi.

- Qazaxıstanda SOCAR-ın nümayəndəliyinin açılması bu ölkə ilə Azərbaycan arasında enerji əməkdaşlığı üzrə danışıqlar prosesinin sürətləndirilməsi və asanlaşdırımasına xidmət edir. Bu, Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqli üzrə sazişin hazırlıq prosesinə necə təsir göstərəcək?

- Xəzər nadir regiondur və əhəmiyyətli neft-qaz ehtiyatları ilə dünya ictimaiyyətinin xüsusi diqqətini cəlb etməkdə davam edir. Son illər ərzində iki respublika rəhbərinin uzaqgörən və müdrik siyasəti sayəsində, Azərbaycan və Qazaxıstan öz milli neft şirkətlərinin simasında artıq dövlətlərimizi regionun liderinə çevirən bir sıra uğurlu investisiya-energetika layihələri reallaşdırıblar. Hazırda əsas olan vəzifə bunları düzgün, enerji və iqtisadi potensialdan səmərəli istifadəni davam etdirməkdir.

Ona görə, iki ölkənin milli şirkətləri arasında əməkdaşlığın hazırkı mərhələsində Qazaxıstanda SOCAR-ın nümayəndəliyinin açılması qanunauyğun prosesdir. Ümid edirəm ki, bu, həm ümumilikdə işgüzar əməkdaşlığın intensivləşdirilməsinə, həm də neft nəqli ilə bağlı Transxəzər sistemi kimi iri layihə üzrə prosesin fəallaşmasına yardım göstərəcək.

- Transxəzər layihəsi üzrə sazişin hazırlıq prosesi hansı mərhələdədir?

- Transxəzər layihəsi üzrə danışıqlar uğurla gedir. SOCAR və "Kazmunayqaz"ın danışıqlar üzrə işçi qruplarının növbəti görüşünün yaxın vaxtlarda Bakıda keçirilməsi gözlənilir. Hazırda tərəflər layihənin əsas reallaşdırılma prinsipləri üzrə qarşılıqlı anlaşmaya gəlmək üzrədirlər və müvafiq sənəd indi, demək olar ki, özünün son mərhələsindədir.

- Danışıqlar zamanı fikir ayrılığı olubmu?

- Heç bir danışıqlar prosesi rahat keçmir və təbii ki, bəzi fikir ayrılıqları olub. Əsas odur ki, yük, daha doğrusu neft və mövqe, yükdaşıyıcıların zəmanəti olsun. Axı Transxəzər layihəsi məlum olduğu kimi, əsasən Tengiz və Kaşaqan nefti üçün nəzərdə tutulub.

Bu qəbildən olan layihələr iqtisadi cəhətdən məqsədəuyğun olmalıdır. Əgər bu olmazsa, hər şey kağız üzərində qalar və öz aktuallığını itirər. Həmçinin layihənin xeyrinə işləməli olan zaman amili mövcuddur. İtirilmiş vaxt, itirilmiş layihə deməkdir, xüsusilə də indi, bütün formatlar dəyişdiyi bir zamanda. Bu gün bütün formatlar dəyişdiyi bir zamanda yükə sahib olmaq ilə iş bitmir, yükün nəqli sisteminə də malik olmaq lazımdır. O zaman bunu biznes adlandırmaq, iqtisadi gəlirliliyi hesablamaq və təhlil etmək, öz maraqlarını və mövqeyini müdafiə etmək olar.

- Bəs Transxəzər layihəsi üzrə saziş nə vaxt imzalanacaq?

- Bunu tezliklə gözləmək olar. Əsas prinsiplər barədə müqavilə imzalandıqdan sonra, SOCAR və KMQ layihə-smeta sənədləri, TİƏ və digər sənədləri hazırlayacaq layihə şirkəti yaradacaq.

- Sizcə, Transxəzər layihəsi üzrə tikinti işləri nə zaman başa çatacaq?

- Tikinti üzrə əsas işlər Xəzər sahilinin Qazaxıstan hissəsinə düşür, burada Kurıkadək boru kəməri, həmçinin Kurık limanını tikmək lazımdır. Layihənin az əhəmiyyət daşımayan hissəsi - tanker potensialının yaradılması, bizim tərəfimizdən neft qəbulunun bir hissəsi üzrə dəhlizin genişləndirilməsindən ibarətdir. Layihə üzrə bütün məsələlər vaxtında həll edilərsə, nəqliyyat sistemi 2012-ci ildə istifadəyə hazır olmalıdır.

- ARDNŞ-nin Qazaxıstan nümayəndəliyi hansı digər fəaliyyət sahələrində işləmək niyyətindədir?

- Azərbaycan və Qazaxıstan neft şirkətlərinin uğurlu əməkdaşlığı artıq çoxillik tarixə malikdir və qeyd etmək lazımdır ki, şirkətlərimiz arasındakı qarşılıqlı əlaqələr ilbəil sabit şəkildə genişlənir və bu regionun enerji təhlükəsizliyinə öz töhfəsini verir.

ARDNŞ Qazaxıstanda nümayəndəliyini açmaqla, təbii olaraq ölkələrimizin neft-qaz şirkətləri arasında işgüzar əməkdaşlığın dərinləşdirilməsi istiqamətində növbəti addımı atmış olub. Belə ki, neft nəqli layihələri ilə yanaşı, biz perspektivdə Xəzər regionunda reallaşdrılan digər enerji layihələrində də qarşılıqlı fayda əsasında iştirak etməyə hazırıq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti