...

Avropa iqtisadiyyatı ciddi sarsıntılar yaşamalı olacaq -  Moody's Investors

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2008 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr/ Trend / 2008-ci ilin üçüncü rübündə Qərbi Avropa şirkətlərinin ümumi kreditqabiliyyətliliyi maliyyə sektoru üzrə vəziyyətin sürətlə pisləşməsi ilə əlaqədar azalmağa davam edib, - Moody's Investors Service beynəlxalq reytinq agentliyi "2008-ci ilin üçüncü rübündə Avropanın kredit tendensiyaları" adlı şərhində bildirir.

Regionun əksər iri iqtisadiyyatları ya artıq resessiya xəttinə daxil olub, ya da bu istiqamətdə hərəkət edir. Rəsmi faiz dərəcələrinin azaldılması və maliyyə sektoruna göstərilən geniş hökumət dəstəyinə baxmayaraq, Moody's ortamüddətli perspektivdə Avropa iqtisadiyyatının ciddi sarsıntılar yaşamalı olacağını gözləyir.

Moody's agentliyi 2008-ci ilin üçüncü rübündə 52 borc öhdəlikləri emitentinin reytinqini azaldıb, 15 emitentin reytinqi isə artırılıb. Beləliklə, artma və azalmanın sayı arasındakı fərq - 37-yə bərabər olub ki, bu da 2003-cü ilin birinci rübündən sonra (-48) ən pis nəticədir.

Moody's şirkətinin iqtisadçısı Kristin Li bildirib ki, Avropa Mərkəzi Bankı Avrozonada yüksək inflyasiya templərinin saxlanılması şəraitində üçüncü rübdə artımın dəstəklənməsi məqsədilə cari dərəcələri azaltmaq əvəzinə onları əvvəlki kimi saxlamağa məcbur olub. Bu amillərin birləşməsi Qərbi Avropa emitentlərinin əsaslı kredit göstəricilərinə ağır təzyiq göstərib və nəticədə qeyri-maliyyə şirkətləri sektorunda gəlirlilik azalıb, - o bildirib.

Hökumətlərin likvidliyin və sərmayədarların kapital bazarlarına etibarın bərpası üzrə səy göstərmələrinə baxmayaraq, Moody's agentliyi bu tədbirlərin Avropa ölkələrinin iqtisadiyyatına resessiyadan qaçmaq imkanı verəcəyini düşünmür.

Moody's-ın hesabatında bildirilib ki, kredit böhranı əvvəllər onun təsirinə dayanıqlılıq nümayiş etdirmiş, iqtisadiyyatı inkişafda olan Avropa ölkələrinə yayılıb.

"Mərkəzi və Şərqi Avropada banklararası kreditlər üzrə dərəcələr kəskin şəkildə artıb ki, bu da faiz dərəcələrinin artmasına və hüquqi şəxslər və əhalinin kreditləşdirməyə çıxışının azalmasına gətirəcək. Bu, artım templərinə əlavə azaldıcı təzyiq göstərir", - Moody's-ın iqtisadçısı Kimberli Forks bildirib.

Lakin Moody's qeyd edir ki, spekulyativ sinifli reytinqli emitenlərin kreditqabiliyyətliliyi iqtisadi düşməyə dayanıqlılıq göstərməkdə davam edir. 2008-ci ilin üçüncü rübündə Moody's agentliyinin bu seqmentdə verdiyi reytinqlər ikinci rüblə müqayisədə daha az azalıb və əksər hallarda artıb və beləliklə reytinqlər arasındakı fərqin mənfi qiyməti 14-dən 5-ə düşüb.

"Bu emitentlərin əsaslı kredit göstəricilərinin gözlənildiyindən yüksək olmasının əsas səbəbi emitentlərin maliyyə böhranının başlamasınadək cəlb etdikləri kreditlər üzrə daha az sərt kovenantlarının olması ilə bağlıdır", - Li bildirib.

Kredit bazarlarındakı və likvidliklə bağlı vəziyyət daha əlverişli olan vaxtda bəzi emitentlər öz borclarını təkra rmaliyyələşdirmək və kreditlərin ödənilməsi müddətini təxirə salmaq imkanından istifadə ediblər. Bundan əlavə, likvidlik defisiti yarananadək borc vəsaitləri hesabına uduşlu sazişlərin strukturunda tez-tez kupon təkrarmaliyyələşdirməli istiqrazlardan (PİK-istiqrazlar) istifadə edilib ki, bu da borclananlara faiz ödənişlərini nəqd pulla deyil, yeni borc öhdəlikləri formasında həyata keçirmək imkanı verib, beləliklə də ümumi faiz ödənişlərinin həcmi azalıb.

Lakin Moody's agentliyi xəbərdar edir ki, bazarda vəziyyətin bundan sonra da pisləşməsi və maliyyə sarsıntılarının davam etməsi şəraitində bu amillər çox ehtimal ki, sektorun reytinq emitentləri üçün qaçılmaz mənfi nəticələrin başlamasını yalnız bir qədər təxirə salacaq.

Xəbər lenti

Xəbər lenti