...

Azərbaycan Avropada enerji mövqelərini möhkəmləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2008 16:01 (UTC +04:00)
Azərbaycan Avropada enerji mövqelərini möhkəmləndirir

Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir S.Əliyev/ Bu gün enerji tədarüklərinin diversifikasiyası ilbəil öz istehlakını artıran Avropanın enerji siyasətində başlıca amildir. Avropa ölkələri şəxsi tələbatlarının ödənilməsi üçün çoxlu təbii qaz tədarükçüsünün olmasında maraqlıdırlar. Xəzər regionu, o cümlədən Azərbaycan belə tədarükçülər arasında əsas yerlərdən birini tutur.

Azərbaycan prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində, enerji məsələləri müzakirə edilir. Bir gün əvvəl Azərbaycan prezidenti İtaliyanın Edison enerji şirkətinin icraçı direktoru Umberto Kuadrinonu qəbul edib. Görüşdə enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycan qazının İTGİ qaz kəməri (Türkiyə - Yunanıstan - İtaliya) ilə İtaliyaya nəqli perspektivləri kifayət qədər yüksəkdir. Avropanın digər qaz kəməri - "Nabukko" onun rəqibi ola bilər. Lakin "Nabukko" nun tam doldurulması üçün (ötürmə gücü ildə 30 mlrd. kubmetr) Azərbaycan qazı kifayət deyil. Ötürmə gücü ildə 12 mlrd. kubmetr səviyyəsində planlaşdırılan İTGİ isə, Azərbaycan qazı üçün tam istifadə edilə bilər. Digər maşrutlar üzrə, əsasən, Şərqi Avropa ölkələrinə qaz tədarükləri nəzərdə tutulur. Bu boru kəməri isə, Azərbaycan qazını Avropanın iqtisadi baxımdan inkişaf etmiş ölkələrindən birinə - İtaliyaya nəql etməyə imkan verəcək. Bu ölkə 2012 - ci ilə İtaliya, Yunanıstan və Türkiyəni birləşdirəcək İTGİ qaz kəməri ilə Azərbaycandan ildə 8 mlrd. kubmetrə yaxın qaz almaq niyyətindədir.

İtaliya və Azərbaycan arasında tədarük məsələləri üzrə 2007 - ci ilin dekabrında imzalanmış Anlaşma Protokolu var. Protokola əsasən, tərəflər İtaliyanın Edison şirkəti və SOCAR (Azərbaycanın Dövlət Neft Şirkəti) arasında İTGİ nəqliyyat dəhlizinin ötürmə gücünə müvafiq olaraq, qaz tədarükləri, tədarüklərin sayı və müddəti, Azərbaycanda qaz hasilatı layihələri haqqında danışıqlara zəruri dəstəyi göstərəcək koordinasiya komitəsinin təsis edilməsi barədə razılığa gəliblər. Hazırda Azərbaycan qazının Türkiyə ərazisi ilə Avropaya tədarükünün həyata keçirilməsi ilə yanaşı, Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliya arasında dördtərəfli sazişin imzalanması imkanı da nəzərdən keçirilir.

Azərbaycan qazının Yunanıstan və İtaliyaya nəqli nəzərdə tutulan İTGİ nəqliyyat dəhlizinə Türkiyənin yenilənmiş boru kəməri infrastrukturu, İTG (Türkiyə -Yunanıstan birləşdirici boru kəməri) və İGİ layihələri daxildir. Yunanıstan - İtaliya birləşdirici boru kəməri qazı Xəzər regionundan və Yaxın Şərqdən Türkiyə və Yunanıstan vasistəsilə İtaliya və Qərbi Avropaya nəql etməyə imkan verəcək Türkiyə -Yunanıstan - İtaliya nəqliyyat dəhlizinin çatışmayan halqasıdır.

Hazırda Azərbaycan qazının əsas ixrac marşrutu uzunluğu 690 km olan (442 kilometri Azərbaycan, 248 kilometri Gürcüstan ərazisində) Cənubi Qafqaz qaz kəməridir (Bakı -Tbilisi - Ərzurum). Boru kəmərinin ötürmə gücü 20 mlrd. kubmetr təşkil edir. Bu marşrut üzrə Azərbaycanın "Şahdəniz" qaz - kondensat yatağından Gürcüstan və Türkiyəyə qazın nəqli həyata keçirilir. Dəyəri təxminən 1 mlrd. dollar təşkil etmiş boru kəməri 2007 - ci ilin əvvəlində işə salınıb."Şahdəniz"in (ümumi ehtiyatları 1,2 trln. kubmetr qiymətləndirilir) işlənilməsinin birinci mərhələsi çərçivəsində, yataqdan (ən yüksək hasilat dövründə) təxminən 8,6 mlrd. kubmetr qaz hasil etmək planlaşdırılır. Layihənin işlənilməsinin 2013 -cü ildən sonraya planlaşdırılan ikinci mərhələsi hasilat həcmini ildə 20 mlrd. kubmetrdən çox artırmağı nəzərdə tutur.

İtaliyanın Edison şirkətinin proqnozlarına əsasən, 2013 - cü ilə Avropada qaza tələbat 2006 - cı ildəki 558 mlrd. kubmetrə qarşı 638 mlrd. kubmetr təşkil edəcək. 2020 - ci ilə Avropada qaza tələbat təxminən 13 faiz - 720 mlrd. kubmetrədək artacaq.

Edison qeyd edir ki,12 ildən sonra Avropa qaz idxalından 70 faiz asılı olacaq - 720 mlrd.kubmetr tələbatın 500 mlrd. kubmetrini idxal təşkil edəcək. 2006 - cı ildə idxaldan asılılıq 45 faiz təşkil edib.

Yunanıstanın DEPA şirkəti ilə birgə Adriatik dənizindən İtaliyaya İTGİ qaz kəmərinin çəkilməsi ilə məşğul olan Edison-un məlumatlarına görə, 2020 - ci ilə Avropada enerji istehsalı üçün qaza tələbat 2013 - cü ildəki 212 mlrd. kubmetrə qarşı 259 mlrd. kubmetrədək artacaq. Avropanın sənaye sektoru 2020 - ci ilə qaza olan tələbatını 8 faiz - 2013 - cü ildəki 181 mlrd. kubmetrə qarşı 196 mlrd. kubmetrədək artıracaq. 2020 - ci ilə Avropa əhalisi qaz istehlakını 7 faiz - 2013 - cü ildəki 218 mlrd. kubmetrə qarşı 234 mlrd. kubmetrədək artıracaq.

2020 - ci ilə Avropaya boru kəməri nəqliyyatı ilə 310 mlrd. kubmetr qaz tədarük ediləcək, 119 mlrd. kubmetr qaz isə, mayeləşdirilmiş təbii qazın payına düşəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti