...

Azərbaycanın ən iri bankına 1 milyard manatadək kapitallaşma tövsiyə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2008 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankı Beynəlxalq Banka Nizamnamə kapitalını 1 milyard manatadək artırmağı tövsiyə edib, - ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

"Bankın bu səviyyəyədək kapitallaşmasının mümkünlüyü səhmdarlardan asılıdır. Onların qərarından asılı olaraq zaman çərçivələri müəyyən ediləcək", - Hacıyev deyib.

Onun sözlərinə görə, hökumətin 2009-cu ildən bankların kapitalının artırılmasına yönəldilən  mənfəətin vergidən azad edilməsi haqqında qərarı ABB-yə hər il əlavə olaraq 10 mln. manat kapitallaşmağa imkan verəcək.

Hazırda ABB-nin Nizamnamə kapitalının 200  mln. manata çatdırılması üçün emissiyaların ödənilməsi davam edir. Beynəxalq Bankın rəhbərinin sözlərinə görə, bu gün kapitaldakı səhmlərin 49 faizi praktiki olaraq özəl səhmdarlar tərəfindən ödənilib. Ölkənin Maliyyə Nazirliyi dövlətin 50,2 faizlik iştirak payının ödənilməsi üçün 2009-cu ilin dövlət büdcəsində 50 mln. manat ayırıb. O güman edir ki, dövlətin payı yanvarda ödəniləcək.

Sentyabrın 1-dən 100 mln. manat məbləğində qeydiyyatdan keçirilmiş yeni emissiyanın yerləşdirilməsi başlayıb. Bir səhmin nominal dəyəri 0,20 manatdır.

Kapitalın adekvatlılığı normativlərinə riayət etmək üçün ilkin olaraq, Nizamnamə kapitalının 3 dəfə artırılmasının zəruriliyi haqqında danışırdılar. Bununla əlaqədar olaraq, Milli Bank ABB-yə Nizamnamə kapitalını 300 mln. manatadək artırmağı tövsiyə edib.

Ötən illə müqayisədə oktyabrın 1-nə bankın aktivləri 79 faiz artaraq 4,172 mlrd. manat təşkil edib. ABB-nin Nizamnamə kapitalı isə 150 mln. manata bərabərdir. ABB-nin normativlərinə əsasən, kapitalın adekvatlılığına tələb 12 faiz, Bazel standartları üzrə isə 8 faiz təşkil edir. Hacıyev hesab edir ki, müxtəlif hesablamalara görə, ABB kapitalın adekvatlılığı normativlərinə uyğundur, lakin bir borc götürənə kreditin ayrılması normaları və digər normativlər pozulduğu üçün, əlavə kapitallaşmaya ehtiyac var.

Dekabrın 11-nə olan cari mübadilə məzənnəsi -- 0,80 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti