...

Rusiya və Azərbaycan 2009-cu ildə qarşılıqlı mal dövriyyəsini 2,5 milyard dollara çatdırmağı planlaşdırırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2009 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir A.Bədəlova /

Nikbin proqnozlara görə, 2009-cu ildə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı mal dövriyyəsinin 2,5 mlrd. dollara çatdırılması planlaşdırılır. Bu barədə Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəliyinin rəhbəri Yuri Şedrin mətbuat konfransında bildirib.

Ötən ilin yekununa görə, ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi həcmi 2007-ci il ilə müqayisədə 39,3 faiz artaraq 2402,5 mln. dollara çatıb. Ötən il Rusiyadan Azərbaycana ixracın həcmi 1991,1 mln. dollar təşkil edib ki, bu da 2007-ci ildə qeydə alınan həcmdən 42,6 faiz çoxdur. Azərbaycan mallarının 25,4 faiz artan idxal həcmi 411,4 mln. dollar təşkil edib.

Qarşılıqlı ticarət balansının müsbət saldosu 1579,7 mln. dollara bərabər olub.

"Azərbaycana iri mal tədarükçüsü olan Rusiya ötən il ixracatçı ölkələr arasında idxalın ümumi həcmi üzrə 18,8 faizlik xüsusi çəki ilə lider mövqeyini saxlayıb", - deyə Şedrin bildirib.

2008-ci ilin yekunu üzrə qeyri-xammal malları ixracının ümumi həcmində maşın-texniki məhsulların ixrac payı 36,8 faiz təşkil edib. Rusiyanın Azərbaycana tədarüklərinin 90 faizdən çoxunu maşınqayırma, avtomobil və kimya sənayesi məhsulları, metal məmulatları, meşə və tikinti materialları, ərzaq və kənd təsərrüfatı məhsulları təşkil edib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci il ərzində Rusiyadan Azərbaycana 497,17 mln. dollar həcmində maşın-texniki məhsullar; 401,45 mln. dollarlıq ərzaq və kənd təsərrüfatı məhsulları; 82,38 mln. dollar məbləğində oduncaq və sellüloz - kağız məmulatları, 152,68 mln. dollarlıq metal və metal məmulatları, 136,05 mln. dollar həcmində isə kimya sənayesi məhsulları tədarük olunub.

2008-ci il ərzində Rusiyadan Azərbaycana 15637 ədəd minik və 6108 ədəd yük avtomobilləri, 143 ədəd avtobus, 55 avtokran, 371 xüsusi təyinatlı avtomobil, 191 traktor tədarük olunub.

Azərbaycanın Rusiyaya mal tədarükü 10,6 faiz artaraq 582,87 mln. dollara çatıb. Onun strukturunda ərzaq məhsulları üstünlük təşkil edir -  73,6 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti