...

Azərbaycan İqtisadi və Sosial İnkişaf Mərkəzi antiböhran konsepsiyası hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2009 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir N.İsmayılova /

Azərbaycan İqtisadi və Sosial İnkişaf Mərkəzi antiböhran konsepsiyası hazırlayıb. Konsepsiya mərkəzin ölkə hökumətinin hazırladığı antiböhran proqramına təkliflərindən ibarətdir. Bu barədə çərşənbə günü konsepsiyanın müəlliflərindən biri Vüsal Bayramov bildirib.

"Bu konsepsiya böhranın ölkə iqtisadiyyatına mənfi təsirindən yayınmağa imkan verən bir sıra təklifləri özündə birləşdirir. O, ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edir", - deyə Bayramov bildirib.

Onun sözlərinə görə, sahibkarlıq sahəsində təkliflərdən biri 2009-cu ildə Sahikbarlığa Milli Yardım Fonduna hökumət tərəfindən planlaşdırılan 130 mln. manat əvəzinə 250 mln. manat məbləğində güzəştli şərtlərlə kreditlərin verilməsindən ibarətdir. Mərkəz, həmçinin verilən kreditlərə görə faiz dərəcələrinin 7-dən 4 faizə endirilməsini və kreditlərin maksimal məbləğinin 3-dən 5 mln. manatadək artırılmasını təklif edir [Bu gün ölkənin İqtisadi İnkişaf Nazirliyi faiz dərəcələrinin 7-dən 6 faizə endirilməsi və kreditlərin maksimal məbləğinin 5 mln. manatadək artırıması məsələsini nəzərdən keçirir].

Bank sektoruna təkliflərə Azərbaycan banklarının 2009-2012-ci illərdə mənfəət vergisindən azad edilməsi, həmçinin dövlət rezervlərinin kommersiya banklarında yerləşdirilməsi və Mərkəzi Bankın uçot dərəcəsinin inkişaf etmiş Avropa ölkələrinin təcrübəsinə əsaslanaraq bir faizə endirilməsi aiddir [Banklar və sığorta şirkətləri artıq üç il müddətinə mənfəətin kapitallaşmaya yönəldilən hissəsi üzrə vergidən azad edilib. Azərbaycanın strateji valyuta ehtiyatlarının bir hissəsinin yerli banklarda yerləşdirilməsi məsələsi üzrə də, ölkə prezidentinin tapşırığı ilə hazırlıq gedir. Təkrar maliyyələşdirmə üzrə faiz dərəcələrinin endirilməsi planında dərəcələr artıq 3 faiz təşkil edir və ölkənin Mərkəzi Bankı pul-valyuta siyasətində yüngülləşdirməni 2009-cu ildə davam etdirmək niyyətindədir].

"Biz ölkənin real sektoru və kommersiya banklarına 4 mlrd. dövlət rezerv yerləşdirməyi, bu vəsaitlərin 3 mlrd.-nın real sektora, bir mlrd.-nın isə kommersiya banklarına yönəldilməsini təklif edirik", - deyə Bayramov bildirib.

Bayramovun sözlərinə görə, ölkənin vergi sisteminin dəyişdirilməsi üzrə təkliflərə vergi dərəcələrinin optimallaşdırılması aiddir [Hökumətdə artıq 2010-cu ildən vergi dərəcələrinin azaldılması müzakirə olunur, lakin antiböhran tədbirləri çərçivəsində ola bilsin ki, əlavə vergi güzəştləri tətbiq edilsin].

"Biz konsepsiyada mənfəət vergisi üzrə faizlərin 22-dən 20 faizədək, ƏDV-nin 18-dən 16 faizədək, sadələşdirilmiş verginin Bakıda 4-dən 2 faizədək, regionlarda isə 2-dən bir faizədək endirilməsini təklif edirik", - deyə Bayramov qeyd edib.

Təkliflərdən biri də, ölkə büdcəsində nəzərdə tutulan neft qiymətlərinin yenidən nəzərdən keçirilməsi və onun qiymətinin hazırkı 70 dollardan 50 dollaradək azaldılmasıdır.

Aprelin 08-nə olan rəsmi məzənnə 0,8031 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti