...

Dünya Bankı və Azərbaycan hökuməti əmək bazarını müasirləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2009 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir Ü.İsmayılova / 

Çərşənbə günü Azərbaycanda Dünya Bankı (DB) ilə Azərbaycan hökumətinin "Azərbaycanda sosial müdafiənin inkişafı" birgə layihəsinə start verilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafə Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Elnur Sultanov bildirib.

"Layihənin startı bank missiyasının Bakıya aprelin 27-dək davam edəcək səfəri çərçivəsində baş tutacaq", - deyə Sultanov vurğulayıb.

Onun sözlərinə görə, hazırda tərəflər inzibati məsələlər, əmək bazarının müasirləşdirilməsini nəzərdə tutan yaxın illərin fəaliyyət planı, regional tədris mərkəzlərinin yaradılması, gənclər üçün həmkarlar mərkəzlərinin yaradılması və digər məsələləri müzakirə edirlər.

"Layihənin bu bəndləri aktual olmaları səbəbindən birinci növbədə reallaşdırılacaq", - deyə Sultanov bildirib. 

Dünya Bankı ilə Azərbaycan hökuməti arasında 54,6 mln. dollar həcmində olan "Azərbaycanda sosial müdafiənin inkişafı" layihəsi üzrə kredit sazişinin imzalanması 2008-ci ilin noyabrında baş tutub. DB layihəni maliyyələşdirmək üçün Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə (10 il güzəştli dövr və illik 0,75 faiz dərəcəsi ilə 35 ilə) 26,7 mln. dollar vəsait ayıracaq. 

Layihə dörd komponenti özündə birləşdirir: əmək bazarı sisteminin tam müasirləşdirilməsi, o cümlədən əmək qanunvericiliyinin, əmək müdafiəsi sisteminin, məşğulluq xidmətləri işinin təkmilləşdirilməsi; sosial təminat sistemi siyasətinin formalaşdırılması; pensiya və layihələrin idarə edilməsi sisteminin müasirləşdirilməsi.

Layihə çərçivəsində peşə təhsili sisteminin tam institusional inkişafı və müasirləşdirilməsi, Avropa təcrübəsi əsasında peşəkar təsnifçilərin hazırlanması nəzərdə tutulur. Həmçinin nazirlik nəzdində peşə təhsili mərkəzlərinin yaradılması nəzərdə tutulur. Layihə 2008-2013-cü illərdə reallaşdırılma dövrü ilə beş il müddətinə hesablanıb.

DB sosial sahədə artıq bir layihəni maliyyələşdirib. 2005-ci ildən "Pensiya islahatları və sosial təminat" layihəsi reallaşdırılır, bu layihəyə bank tərəfindən 10 mln. dollar vəsait ayrılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti