...

Azərbaycan Auditorlar Palatası 2008-ci il ərzində fəaliyyətinin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2009 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir Ü.İsmayılova /

2008-ci ildə Azərbaycan Auditorlar Palatasında qeydiyyatdan keçən auditor şirkətləri təsərrüfat subyektləri ilə ümumi dəyəri 48,05 mln. manat olan 4,57 min müqavilə imzalayıb. Bu barədə Palatanın rəsmi saytında yerləşdirilən hesabatda bildirilir.

Həmin müqavilələrin 12,97 mln. manat məbləğində olan 630-u 2007-ci ildən qalıq kimi, 35,07 mln. manat məbləğində 3,94 min müqavilə isə hesabat dövrü ərzində bağlanıb.

Bağlanan müqavilələrin sayı 2007-ci illə müqayisədə 301 ədəd və ya 6,2 faiz artıb, həcmi isə 20,033 mln. manat, yaxud 71,5 faiz artıb.  

Ötən il 38,14 mln. manat dəyərində 3,96 min müqavilə tam olaraq icra olunub ki, bu da 2007-ci ilin göstəriciləri ilə müqayisədə 215 ədəd və ya 5,1 faiz azdır. Ötən il xarici auditor şirkətlərinin nümayəndəlikləri ilə bağlanmış müqavilələrin sayı 0,5 faiz, yerli şirkətlərlə bağlanan müqavilələrin sayı isə 13,4 faiz azalıb. Xarici iştirak payına malik şirkətlərlə bağlanan müqavilələrin sayı 19,6 faiz artıb.

Hesabat dövründə ümumi məbləği 9,62 mln. manat olan 525 müqavilə icra olunmayıb. İcra olunmayan müqavilələr arasında ümumi məbləği 4,12 mln. manat olan 19 müqavilə xarici auditor şirkətlərinin, filiallarının və nümayəndəliklərinin, 3,09 mln. manat məbləğində 41 müqavilə xarici iştirak payına malik şirkətlərin, 2,09 mln. manat dəyərində 219 müqavilə yerli şirkətlərin, 313 min manatdan çox həcmdə 246 müqavilə müstəqil auditorların payına düşüb. Bu müqavilələr 2009-cu ildə icra olunacaq.

2008-ci ildə 280 min manat məbləğində 110 müqavilə ləğv edilib.

Hesabat dövründə xarici auditor şirkətləri, filialları və nümayəndəlikləri dövlət büdcəsinə 10,38 mln. manat, o cümlədən 8,56 mln. manat vergi ödəmələri qismində və 1,81 mln. manat icbariödəmələr qismində köçürmə edib.

Husabat dövründə debitor borcların həcmi 8,79 mln. manat, kreditor borcları isə 7,89 mln. manat təşkil edib.

2008-ci ildə ölkədə auditor fəaliyyətindən gələn gəlirlər 39,45 mln. manat təşkil edib ki, bu da 2007-ci illə müqayisədə 130,6 faiz çoxdur. İl ərzində mənfəət 228,8 faiz artımla 10,65 mln. manata bərabər olub.

2008-ci ildə Palatanın gəlirləri 24 faiz artaraq 473 min manatı ötüb. İl ərzində palata dövlət büdcəsinə 23,27 min manat və Dövlət Sosial Müdafiə Fonduna 48,6 min manat köçürmə edib. Ötən il palatanın xərcləri 456 min manatdan çox olub.

Aprelin 29-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti