Azərbaycan, Bakı, 07 may / Trend , müxbir Ü.İsmayılova /
"Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Meksikadan heyvandarlıq məhsullarının idxalına qoyulmuş məhdudiyyətlərlə bağlı açıqlama verilməsi barədə həmin ölkədən rəsmi sorğu almayıb", - cümə axşamı kənd təsərrüfat naziri İsmət Abbasov deyib.
"21 ölkədə virus qeydə alınıb və onlarla idxal-ixrac əməliyyatlarına qadağa tətbiq olunub", - Abbasov bildirib.
Xarici KİV-in məlumatına görə, Meksika ÜTT-yə A/H1N1 qripi epidemiyası səbəbindən donuz əti idxalına məhdudiyyət qoyan səkkiz ölkə barədə rəsmi sorğu ilə müraciət edib. Söhbət Azərbaycan, Boliviya, Honduras, Çin, BƏƏ, Rusiya, Ukrayna və Ekvadordan gedir.
Meksikanın iqtisadiyyat naziri Xerardo Ruis Mateos çərşənbə axşamı Mexikoda verdiyi mətbuat konfransı zamanı deyib ki, "bu sorğu səkkiz ölkədə qoyulmuş məhdudiyyətlərə, onların elmi əsaslılığı da daxil olmaqla səbəblər barədə öz izahatlarını təqdim etmələri ilə bağlı rəsmi xahişdən ibarətdir".
Nazirin sözlərinə görə, bu gün Azərbaycanda "donuz qripi" ilə bağlı epizootik durum sabitdir. Virusun ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə həm KT nazirliyi, həm də rəhbər orqanlar tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir.
"Biz ölkədə virusun olmaması haqda dəqiq nəticələr əldə etmək üçün donuzçuluq təsərrüfatlarında monitorinqlər aparırıq", - nazir deyib.
Bir müddət əvvəl KT nazirliyin nəzdində veterinar xidmətdən verilən məlumata görə, Azərbaycan Meksikadan heyvandarlıq məhsulları almır və heç vaxt da idxal etməyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]