...

Konyak, almazlar və əllə idarəetmə

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2009 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend /

Ellada Xankişiyeva, Trend -ın analitik mərkəzinin direktoru

Ermənistan hakimiyyəti bir neçə aydır ki, necə deyərlər, "iqtisadiyyatın əllə idarə edilməsinə" keçib. Və qərarlar proqnozlar əsasında yox, ssenarili yanaşma ilə operativ məlumatlar əsasında qəbul edilir. Ermənistan hakimiyyətinin hətta üç prioritetə əsaslanan antiböhran proqramı da var: iri infrastruktur layihələrin reallaşdırılması; kiçik və orta biznesə dəstək; yerli xammalın istifadəsinə əsaslanan Ermənistanın ixrac müəssisələrinə ünvanlı yardım.

Antiböhran proqramının sonuncu bəndində hansı yerli xammaldan söhbət gedə bilər? Məlum olduğu kimi, Ermənistan məhsulların xarici bazara çıxarılmasında əziyyət çəkir. Səbəb isə beynəlxalq bazarda etimad qazanacaq rəqabətə malik məhsulun olmamasıdır.

Belə təsəvvür yarana bilər ki, vəziyyəti bir qədər almaz emal edən sahə xilas edir ki, bu da ixracatın 35%-ni təşkil edir. Amma yenə də xammal özlərinin deyil, kənardan gətirilir. Bir vaxtlar ölkəyə xammal şəklində almaz gətirilərək, "Şoqakn" şirkəti tərəfindən cilalanaraq Avropa bazarlarına ixrac edilməsi sistemi çox uğurla təşkil edilmişdi. 

Ermənistana xammal şəklində almazın 45%-i İsraildən, 40%-i Belçikadan və 15%-i Rusiyadan gətirilir. Ümumilikdə, ölkə ixracının 70%-ni qiymətli və qeyri-qiymətli metallar təşkil edir.

Hazırda Ermənistanın almaz sənayesi 2 dəfə azalıb. 2009-cu ilin birinci rübündə Ermənistanda emal edilmiş almazların istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 45,4% azalıb (5,5 milyon dollar). Ermənistanın İqtisadiyyat Nazirliyi bunu dünya maliyyə böhranı ilə əlaqələndirir.

Ermənistanda istehsal edilən almaz məmulatları ixrac edilir. İxracın böyük hissəsi ABŞ-ın payına düşür.

Müvafiq olaraq hesabat dövrü ərzində də emal olunmuş almazların ixracı 33,7% azalıb (istehsal həcmi arasında olan fərq ötən il anbarlara yığılmış almazların 2009-cu ildə istifadə edilməsi ilə izah edilir).

Ermənistanın ikinci eksport markası olan konyaka dünya bazarlarındakı tələbat da azalıb. Ermənistan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yayılan məlumata əsasən, Ermənistanda istehsal olunan alkoqolu içkilərdən ən çox konyak ixrac edilib (90%). Hazırda konyak ixracının azalması səbəbindən onun istehsalı aşağı düşüb. 2009-cu ilin birinci rübündə Ermənistanda konyak istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,8% (2339,4 min litrədək) azalıb. Bu barədə Ermənistan Milli Statistika Xidmətinin hesabatında deyilir. Erməni konyakı ən yüksək həcmdə Rusiya və Ukraynaya ixrac edilirdi ki, böhranın mənfi fəsadları istehlakın azalmasına səbəb oldu.

Ermənistanın onsuz da kəsirli olan xarici ticarət dövriyyəsinin həcmi 2009-cu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,7% azalaraq 781,9 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti