...

DB Azərbaycan Hökuməti ilə kadr potensialının artırılması layihəsi üzrə danışıqlara başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2009 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir İ.Xəlilova /

Azərbaycan Hökuməti ilə Dünya Bankı (DB) arasında infrastruktur layihələrinin reallaşdırılmasına cəlb edilmiş hökumət agentliklərində kadr potensialının artırılması üzrə danışıqlar bu həftə başlayır. Bu barədə çərşənbə axşamı DB-nın Bakı nümayəndəliyindən bildiriblər.

Elizabet Vanqın rəhbərlik etdiyi DB missiyası artıq Bakıdadır.

Layihənin ümumi dəyəri 10 mln. dollar qiymətləndirilir. DB Beynəlxalq İnkişaf Assosiasiyası xətti ilə 7 mln. dollar verməyə hazırdır, qalan vəsaitlər hökumətin payına düşür.

Nümayəndəlikdən verilən məlumata görə, bu layihə üzrə daha yaxşı mexanizm nəzərdə tutulub. Layihənin reallaşdırılmasının birinci ilində su ("Azərsu") və yol ("Azəravtoyolservis") sektorları üçün treninqlərin keçirilməsi planlaşdırılır. Bununla yanaşı, layihə və maliyyə idarəçiliyi üzrə ümumi tematik treninqlər nəzərdə tutulub. Reallaşdırma zamanı treninqlərdə tələbatın təhlili də aparılacaq. 

DB Azərbaycana 2009-cu maliyyə ili üçün Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) xətti ilə 70 milyon dollar vəsait ayırıb və buna dair layihələr bankın Direktorlar Şurasında iyunun sonunadək təsdiq ediləcək.

2008-ci maliyyə ilində Azərbaycan Hökuməti DB-dən ölkənin korporativ və dövlət sektoru, təhsil sistemində islahatlar, su təminatı sisteminin inkişafı, sosial təminat sahəsində yardım, məcburi köçkünlərin sosial inkişafı və Azərbaycanın kənd investisiyaları üçün 6 güzəştli kredit almağa müvəffəq olub. Onların reallaşdırılmasına 121 milyon dollar vəsait ayrılıb.

Adambaşına düşən ÜDM həcmi 1280 dollardan az olan ölkələr sözügedən kriteriyalara cavab verir. Azərbaycan BİA xətti ilə güzəştli kredit əldə etmək üçün DB tərəfindən təyin olunmuş bu səviyyəni artıq qaldırıb. Bu səbəbdən də cari ildən etibarən Azərbaycan yalnız kommersiya şərtləri əsasında kredit almağa ümid edirdi. Azərbaycanda ötən ilin nəticələrinə əsasn, adambaşına düşən gəlir 5403,9 dollar təşkil edir.

DB Azərbaycanda ümumi dəyəri 2 milyard dollardan çox olan 45 layihə maliyyələşdirib. Ötən maliyyə ilində bank tərəfindən ölkədə 13 layihənin maliyyələşdirilməsinə 1,251 milyard vəsait ayrılıb. Gələn iki il üçün də DB Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xətti ilə kommersiya şərtləri əsasında 1 milyard dollardan artıq vəsait ayırmağa hazır olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti