...

Bakıda növbəti Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2009 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / Trend /

Dünya maliyyə-iqtisadi böhranının xüsusiyyətlərindən biri də ayrı-ayrı şəxslər tərəfindən öz şəxsi təhsillərinə və onun inkişaf etdirilməsinə qoyulan sərmayələrin artmasıdır. Əmək birjasında ixtisara salınan təkliflər fonunda potensial işçi hər zaman tələb olunan bir işçi olmaq üçün öz təhsilinə sərmayə qoymağa can atır.

Keyfiyyətli təhsilə, habelə stabil və uğurlu karyeranın qurulmasına artan maraq təhsil müəssisələri və işəgötürən şirkətlər arasında vahid qarşılıqlı əlaqələr sisteminin inkişaf etməsinə şərait yaradır. Təhsil və karyera yalnız bir məqsədə - həyatda və peşəkar planların gerçəkləşdirilməsində uğur əldə etməyə qulluq edən iki qüvvədir.

İşəgötürən, təhsil müəssisələri və gənclər arasında dialoqun inkişaf etdirilməsi üçün müvafiq platformanın yaradılması Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəal dəstəyi ilə artıq 3 ildir keçirilən Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisinin (Education and Career) əsas məqsədi sayılır. Bu barədə Iteca Caspian şirkətinin məlumatında deyilir.

Bu, regionda gənclərin yerli və beynəlxalq təhsilin inkişafı haqqında məlumatlandırılmasına yönəldilmiş ən böyük tədbirdir. Hər il bu tədbirə 6000 tələbə və abituriyent, kadrlar şöbələrinin müdirləri və digər maraqlanan şəxslər qatılırlar. Bu tədbirə qoşulan və təhsil proqramlarının (magistratura, əlavə təhsil və xaricdə təhsil də daxil olmaqla, orta və ali təhsil məktəblərindən sonrakı maarifləndirmə kimi tədris proqramları) geniş spektrini təmsil edən iştirakçıların sayı ildən ilə artır.

Builki sərgidə İsveçrə, Almaniya, Türkiyə, İtaliya, Rusiya, Belarus, Ukrayna, Çexiya, Macarıstan və digər ölkələrin təhsil müəssisələri iştirak edəcəklər. Böyük Britaniya təşkilatları xarici ölkələrdə ali təhsil müəssisələrini bitirən gənclərin işlə təmin olunması üzrə proqramları, ABŞ isə Ali Biznes Məktəbini təqdim edəcək. İlk dəfə olaraq, İsveçrə universiteti tərəfindən mehmanxana işinin idarə olunması üzrə ali məktəb təqdim olunacaq.

Builki sərgidə öz debüt çıxışı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi də iştirak edəcək. Sözügedən qurum "Gənclər Təhsil Mərkəzi", "AIESEC Azərbaycan", "Gələcəyə körpü", "Vətəndaş Cəmiyyətində Debat Birliyi" kimi müxtəlif qeyri-hökumət gənclər təşkilatlarını və cəmiyyətlərini təqdim edəcək. Hazırda əlavə iş qabiliyyəti, daha müasir bacarıq səviyyəsi əldə etmək imkanını təklif edən şirkətlərin rolu da xüsusilə artmaqdadır. Bununla əlaqədar, ilk dəfə olaraq sərgidə konsaltinq, təlim, seminar və digər xidmətlər təklif edən şirkət də iştirak edəcək.

Üç gün ərzində sərgi ərazisində müxtəlif tədris proqramları, treninqlər və kursların "onlayn" rejimində təqdimat mərasimləri keçiriləcək. Sərgidə mədəni mübadilə proqramları, Azərbaycana və xarici ölkələrə səfər etmək, təhsil almaq və işləmək imkanları barədə ətraflı məlumat veriləcək. Bundan əlavə, sərgiyə gələn qonaqlar əmək resursları (kadrlar) axtaran şirkətlərin "korporativ ruhunu" hiss etmək, hazırda ən çox tələb olunan ixtisaslar barədə dəyərli məlumatlar əldə etmək imkanına malik olacaqlar.

Sərgidə iştirak etmək universitetlər üçün öz təhsil müəssisələri, tədris proqramları, yeni fakültələr, tələbə mübadiləsi proqramları və s. barədə məlumat vermək baxımından əla imkandır. Bazarda təhsilin təkmilləşdirilməsi və yardımçı kurslar ilə bağlı bir çox təkliflər mövcud olsa da, məhz sərgi onların mövcudluğu barədə bir çox insanları məlumatlandırır və mövcud olan cari təkliflərin aktuallığının əyani olaraq nümayiş etdirilməsi imkanını təmin edir.

Xəbər lenti

Xəbər lenti